İnformasiya təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən ən əsası istənilən tipli məlumatın praktik olaraq maneəsiz yayılmasına şərait yaradan qlobal internet mühitinin inkişafıdır. Muxtar respublikamızda internet istifadəçilərinin sayı surətlə artır, üstəlik də ümumdünya hörümçək torundan istifadə edən gənclərin və yeniyetmələrin sayı olduqca çoxdur. Bir çoxları, xüsusən də gənclər üçün internet elə bir informasiya vasitəsinə çevrilir ki, onlar şəbəkəsiz həyat təsəvvür edə bilmirlər. Bu baxımdan internetdən istifadə edən uşaq və gənclərin təhlükəsizliyini təmin etmək mühüm məsələlərdən biridir.
İnternet uşaqlara oyunlar, filmlər, musiqi, yeni biliklər əldə etmək və öz qabiliyyətini inkişaf etdirmək imkanları verir. Lakin, bu imkanlar bir sıra arzu edilməyən hallarda da müşayiət olunur. Belə ki, internetdən istifadə edərkən uşaqlar bədniyyətli şəxslərlə təmasda olmaq təhlükəsi ilə üzləşə, cinayətkarların potensial hədəfinə çevrilə bilərlər. Cinayətkarlar uşaqlarla əsasən ani məlumat mübadiləsi zamanı, müxtəlif oyunlarda, çatlarda, forumlarda və elektron poçtlar vasitəsilə təmas qururlar.
Uşaqların çoxu internetdə oyunlar axtarmağı çox xoşlayırlar, əsasən də aqressiv oyunlara üstünlük verirlər. Bu isə psixoloji fəsadsız ötüşmür.
Türkiyə, Rusiya və digər ölkələrdə bu cür oyunların təsiri altına düşən xeyli sayda yeniyetmələr hətta intihar həddinə qədər gəlib çatıblar. Bu oyunlar, adətən, sosial şəbəkələr, müxtəlif qruplar, heşteqlər, “link”lər vasitəsilə yayılır. Bu oyunların bəlli bir mənbəyi olmadığına görə, onların qarşısını almaq o qədər də asan deyil. Bu zaman valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Çünki uşaqlarda hər hansı psixi problemlər, bədəndə yaralar və kəsiklər olduqda, bu barədə mütləq tədbir görməlidirlər. Rusiya, Türkiyə kimi qonşu və eləcə də, dünyanın müxtəlif ölkələrində ümumilikdə 200-dən çox yeniyetmə və gənc bu bəlaya aludə olaraq intihara cəhd edib. Valideynlər övladlarının bu cür oyunları (məsələn,“Mavi balina”) oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə belə təhlükələrdən uzaq olmaları üçün aşağıdakı qaydalara riayət etmələrini tövsiyə edir:
-Valideynlər övladlarının internetdən istifadə etmə vərdişlərinə nəzarət etməli;
-Oyunda və internetdə keçirilən vaxt məhdudlaşdırılmalı və oyunun uşağın yaşına uyğun olmasına diqqət edilməli;
-İnternetdə naməlum şəxslərlə yaxın münasibət qurulmaması, onların şübhəli şəxs ola bilmə ehtimalının yüksək olması və belə münasibətlərin təhlükəli nəticələrə səbəb ola biləcəyi mövzusunda uşaqlarla müntəzəm söhbət edilməli;
-Valideynlər sosial şəbəkədə övladlarının dost siyahısında olmalı və internetdəki addımlarından xəbərdar olmalı;
-Antivirus proqramından istifadə edilməlidir;
Qeyd edək ki, müasir brauzerlərin, eləcə də bəzi antivirus proqramlarının sonuncu versiyalarında azyaşlı istifadəçilərlə bağlı tədbirlər var ki, bu da əsas şübhəli saytlara birbaşa keçidləri blok edir.
Unutmayaq ki, uşaqları internetdəki təhlükələrdən qorumaq üçün bir sıra tədbirlər görmək olar, lakin heç bir texnoloji məhdudiyyət uşaqların internetdə nə ilə məşğul olmasına ən sadə valideyn nəzarətini əvəz edə bilməz.
Sahil Məmmədli
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi