“Qırmızı Cibir x Əyyubi” sortlarının tozlandırılmasından yeni alma sortu alınıb

A- A A+

Aqrar Elm və İnnovasiya Mərkəzinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yeni elmi nəticə əldə olunub. Alimlər tərəfindən qışlıq “Qırmızı Cibir x Əyyubi” sortlarının tozlandırılmasından yeni sort alınıb.

NUHÇIXAN xəbər verir ki, yeni sort “Sədəf” adlandırılıb. “Sədəf” qışlıq sortdur. Ağacı orta boylu, çətiri tərs piramida formasındadır. Hündürboylu calaqaltı üzərində 4-5 yaşında, vegetativ yolla artırılan calaqaltılar üzərində isə 2-3 yaşında məhsul verməyə başlayır. Sortun orta məhsuldarlığı hektardan 280-350 sentiner təşkil edir.

Meyvəsinin orta kütləsi 155-170 qram olub, əsas rəngi sarımtıl-qırmızı, örtücü rəngi al qırmızı, ləti sarımtıl və şirəli, tamı turş-şirindir. Süfrə və sənaye əhəmiyyətlidir. Dequstasiya qiyməti 5 bal olan “Sədəf” qışlıq sortunu adi otaq şəraitində mart ayına kimi saxlamaq mümkündür. Tərkibində 9,5 faiz quru maddə, 8,3 faiz şəkər, 0,51 faiz turşuluq, 5,41 mq/% “C” vitamini var. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Tozlayıcı sortları “Qolden Delişes” və “Starkrimson” sortlarıdır.

İntensiv və superintensiv tipli meyvə bağlarının əkilməsi üçün yararlı sortlardan biri hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: