“Ailə münaqişələrinin həlli üçün mediasiyanın gücləndirilməsi” mövzusunda tədbir keçirilib - FOTOLAR
11 mart 2026-cı il tarixdə Culfa rayon Dizə kəndində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Mediasiya Təşkilatının və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə münaqişələrinin həlli üçün mediasiyanın gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək bildirib ki, fundamental ailə dəyərlərimiz sisteminin tarixən formalaşmış prinsiplərindən, bu dəyərlərin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışıb. Bildirilib ki, dövlət ailənin dayaqlarının möhkəmləndirilməsi, uşaqların sağlam inkişafı, onların hüquq və maraqlarının müdafiəsi istiqamətində mühüm hüquqi mexanizmlər formalaşdırıb və bu sahədə ardıcıl islahatlar həyata keçirir. Bu mexanizmlər həm ailədaxili münasibətlərin tənzimlənməsində, həm də uşaqların sosial mühitdə özlərini təhlükəsiz və etibarlı hiss etmələrində mühüm rol oynayır.
Eltun Həziyev diqqətə çatdırıb ki, ailə institutunun gücləndirilməsi, sağlam münasibətlərin təşviqi və mübahisələrin barışıq yolu ilə həlli cəmiyyətin sabitliyinin və davamlı inkişafının əsas şərtlərindən biridir. Bu baxımdan, mediasiya mexanizminin təbliği və tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırıb, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib, milli dəyərlər, mediasiya və hüquq sisteminin həyata keçirilməsindən ətraflı bəhs edibdir.
Tədbir diskussiya şəklində davam edib və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.