Martın 9-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 239, o cümlədən borclu şəxs qismində axtarışda olan 196, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 34 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28,2 kiloqramdan artıq narkotik vasitə və 197 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 5 qumbara, 5 alışdırıcı, 24 tüfəng, 2 patron darağı, 117 ədəd müxtəlif çaplı patron və 8 mərmi aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər də saxlanılıb.
