Naxçıvanda nümunəvi dövlət-din münasibətləri – Samir Adıgözəlli - FOTOLAR

A- A A+

Naxçıvana səfər edib, daha sonra orada gördüyün inkişaf və yeniliklər haqda yazmamaq olmur. Ötən ayın sonunda səfər təəsüratlarımı, ümumilikdə Muxtar Respublikada medianın müasir inkişafı ilə bağlı fikirlərimi sizlərlə bölüşmüşdüm. Muxtar Respublikada təkcə quruculuq və yeni tikililərlə bağlı işlər aparılmır. Bu gün Naxçıvanda təhsildən, səhiyyədən, turizmdən başlamış bütün sahələrdə sürətli inkişaf var. Orada bir sıra dövlət proqramları həyata keçirilir.

Naxçıvan MR müasir həyatın tələblərini bütün sahələrdə nümunəvi şəkildə təmin edir. O cümlədən, dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərə qayğı göstərilməsi, tolerantlıq mühütünün tam formalaşması siyasəti Naxçıvanda qüsursuz formada aparılır.  Burada inkişaf dedikdə, eyni zamanda dini etiqad sahəsində də görülən işləri qeyd etmək lazımdır. Muxtar Respublikada mənəvi dəyərlərin qorunması ilə yanaşı, ziyarətgahlar, məscidlər təmir olunaraq bərpa edilib. Dindarlar üçün bununla bağlı hər cür şərait yaradılıb. "Naxçıvan" Universitetində İlahiyyat fakultəsi fəaliyyət göstərir. Təbii ki, belə bir ixtisasın fəaliyyətə başlaması dini kadrların formalaşmasına, kənardan zərərli, yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının tamamilə alınmasına xidmət edir.

Naxçıvan regionu tarixən hər zaman dini etiqada bağlı olub. Bu baxımdan Azərbaycanın ən həssas nöqtələrindən biridir. Məhz bu baxımdan burada dövlət-din münasibətlərinin həyata keçirilməsində doğru siyasət formalaşdırılıbr. Məhz ümumilli lider Heydər Əliyevin dövlət quruculuğunda dövlət-din münasibətlərinə dair siyasi-ideoloji xətti də Naxçıvanda tam mənasında milli dövlət marağlarımıza uyğun şəkildə həyata keçirilir. Statistik rəqəmlərə diqqət etsək, bir daha bunun əyani şahidi olacaöıq. Hal hazırda Muxtar Respublika ərazisində 211 məscid fəaliyyət göstərir. Bunlardan 74-ü yeni tikilən məscidlərdir. Eyni zamanda 95 məscid yenidən qurulub və ya bərpa olunaraq istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində görkəmli bir məscidin tikintisi yekunlaşmaqdadır. Bu məscid böyüklüyünə görə, bütün Qafqazın ən böyük məscidlərinən biri olacaq. Naxçıvan şəhərində gəzinti zamanı həmin məscidi yaxından müşahidə etdim. Məscid kompleksinin ərazisi 6400 kv.m-dir. İki minarəli və on beş gümbəzli məsciddə eyni vaxtda 5000 nəfərin ibadət edəcəyi nəzərdə tutulub. Məscid Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunub. Dini rəmzlər əsas götürülməklə milli nəqqaşlıq elementləri də nəzərə alınıb. Kompleksdə eyni zamanda Muxtar Respublika Qazisi yanında Şura üçün iki mərtəbəli inzibati bina da inşa olunub. Din, mənəviyyat sahəsində Naxçıvanda həyata keçirilən tədbirlər dövlət-din münasibətləri siyasətində özünəməxsus nümunə formasını yaradır. Bu gün Naxçıvanda dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə  və xalqımızın ənənələrinə uyğun şəkildə keçirilməsinin tənzimlənməsi istiqamətində görülmüş işlər nümunəvi tədbirlər olaraq ölkəmizin digər bölgələrində də tətbiq edilməlidir. Həyatın bütün sahələrində olduğu kimi, din-mənəviyyat sahəsində də Naxçıvanın əldə etdiyi uğurlar bütün Azərbaycanımızın islam aləmində və dünyada dini etiqad azadlığı, tolerant cəmiyyət nümunəsi olaraq göstərilməlidir. Bu baxımdan Naxçıvanda əldə olunan naliyyətlər müstəsna əhəmiyyətə malikdir.

Samir Adıgözəlli

İSBAM sədri, “Böyük Millət” qəzetinin baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: