Ən böyük mükafatım azad nəfəs alan Sədərəkdir…

A- A A+

1940-cı ilin sazaqlı yanvar ayı... Naxçıvanın qapısı, dağların qeyrət qalası olan Sədərəyin vüqarlı qoynunda göz açdım dünyaya. Mən həmin dağların qızı, qəhrəman ana Ceyran Məmmədovayam. Bəli, təvəllüdüm ötən əsrin ortalarına düşsə də, mənim əsl ömrüm doğma torpağı 1992-ci ilin qanlı-qadalı günlərində, onu canım bahasına qoruduğum anlarda başladı.

Doğma yurdumuz, sığınacağımız olan Sədərək 1990–1993-cü illərdə düşmən atəşinin ağuşunda idi. Güllə səsləri qulağımızda uğuldayanda bəlkə də əlimizdə hər zaman silah yox idi, amma dilimizdə dua, ürəyimizdə isə sarsılmaz Vətən sevgisi vardı. Biz qorxunu elə o günlərdə məğlub etmişdik.

Mən bir ana idim. Amma mənim analığım yalnız ocağımın başında bitmirdi. Mənim analığım Sədərəyin hər daşında, hər cığırında, hər səngərində yaşayırdı. Dünyam isə 11 övladımdan ibarət idi. Onlara hər gün çörəkdən əvvəl Vətən sevgisini daddırırdım. Boya-başa çatana qədər hər birinin qulağına tək bir nəsihət pıçıldayırdım:

“Balam, bu dağlar bizim evimizdir, biz isə onun sarsılmaz qalxanı. Bu torpağın hər qarışı sizin namusunuzdur. Nə olursa olsun, Vətəni qoruyun.”

1992-ci ilin o ağır və sınaqlı günləri gələndə gördüm ki, balalarım nəsihətimi necə ürəklərinə hopdurublar. Yeddi oğlumun yeddisi də təhlükəli döyüşlərin mərkəzində düşmənə sinə gərirdi. Qızlarımla birlikdə isə gah əlimizdə isti yemək qazanları ilə postlara qaçır, gah da yaralıların yarasını sarıyaraq dualarımızla onlara sipər olurduq. Mənim üçün artıq öz canım yox, səngərdəki balalarımın nəfəsi, Sədərəyin namusu vardı. Orada qalmaqla həm ana, həm də bir əsgər kimi öz andımı içmişdim.

Və 1992-ci ilin 18 mayı... Səhərin erkən saatlarında Sədərək yenə od içində idi. Saat düz doqquzu göstərəndə o son an gəlib çatdı... Maşınımızı hədəf aldılar. Ətrafımda yaralılar, köməyə möhtac canlar vardı. Mənim bu dünyadakı ömür payım isə elə həmin saniyələrdə Sədərəyin vüqarlı dağlarına, doğma torpağına qovuşdu.

1940-cı ilin soyuq yanvarında başlayan yolum 1992-ci ilin may səhərində müqəddəs bir şəhidlik zirvəsinə çevrildi. Əslində mən ölmədim — o gün yenidən doğuldum: bir şəhid, sönməz bir məşəl kimi...

İndi mən Sədərəyin üzərində dolaşan buludlarda, qayalarından əsən sərt küləklərdə, oğullarımın sönməz Vətən eşqində yaşayıram. Mən bir ana kimi borcumu yerinə yetirdim. Vətəni balalarıma, balalarımı isə bu müqəddəs Vətənə əmanət etdim.

İndi baxın o uca zirvələrə... Biz bir qarış torpağımızı da vermədik. Adım qəhrəmanlıq dastanlarına yazılsa da, mənim ən böyük mükafatım azad nəfəs alan Sədərək oldu.

Səmayə Rəsulova 

NDU-nun Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: