Medianın görünməyən üzü: manipulyasiya və ictimai şüurun yönləndirilməsi

A- A A+

Əgər gün ərzində izlədiyiniz və oxuduğunuz xəbərlərin böyük hissəsinin sizi aldatdığını bilsəydiniz, onları yenə də oxuyardınızmı?

Media cəmiyyət üçün sadəcə xəbər mənbəyi deyil. O, ictimai rəyə təsir edən, dəyərləri formalaşdıran və insanların düşüncə istiqamətini müəyyənləşdirən güclü bir vasitədir. İdeal halda media hakimiyyət üzərində ictimai nəzarəti təmin edən, vətəndaşların səsini çatdıran və həqiqəti üzə çıxaran platforma olmalıdır. Lakin reallıq çox vaxt bu ideal təsəvvürdən xeyli uzaqdır.

Bu gün informasiyanın sürətlə yayıldığı bir dövrdə obyektivlik, dəqiqlik və qərəzsizlik kimi prinsiplər tez-tez pozulur. Nəticədə media həqiqəti aydınlaşdırmaq əvəzinə, bəzən ictimai şüuru yönləndirən və manipulyasiya edən bir vasitəyə çevrilir.

Mediada manipulyasiya müxtəlif formalarda özünü göstərir. Qəsdən yayılan yanlış məlumat – dezinformasiya, faktlar yoxlanılmadan təqdim edilən informasiya – misinformasiya, sensasiya və diqqət cəlb etmək üçün hazırlanmış aldatıcı başlıqlar bu üsulların ən çox rast gəlinən formalarıdır. Bu cür materialların məqsədi həqiqəti göstərmək deyil, emosiyaları oyatmaq və auditoriyanı yönləndirməkdir.

Xüsusilə həssas mövzular – uşaq zorakılığı, ailədaxili münaqişələr və cinayət hadisələri mediada təqdim edilərkən etik prinsiplərin pozulması ciddi problemlər yaradır. Sensasiya xatirinə yayımlanan məlumatlar bəzən qurbanın ikinci dəfə zərər görməsinə səbəb olur. Cinayət və zorakılıq qurbanları informasiya məkanında da sensasiyanın qurbanına çevrilirlər.

Bəzən mediada istifadə olunan passiv dil də manipulyasiyanın bir formasıdır. Məsələn, “13 yaşlı qız hamilə qaldı” ifadəsi zorakılıq faktını gizlədir və diqqəti qurbana yönəldir. Halbuki doğru yanaşma cinayətkarın məsuliyyətini açıq şəkildə göstərmək olmalıdır.

Son illər televiziya kanallarında yayımlanan bəzi ailə-məişət verilişləri də ciddi müzakirə mövzusuna çevrilib. Bu proqramlarda çox zaman problemin mahiyyəti deyil, emosional qalmaqal və süni dramatizm ön plana çıxarılır. Mövzunun ciddiliyi arxa plana keçir, efir isə sensasiya və reytinq yarışının alətinə çevrilir.

Ancaq problem təkcə efirdə deyil. Onu izləyən auditoriya da bu prosesin bir hissəsinə çevrilir. Hər çıxışı müzakirəyə çevirən, gündəmi bu verilişlərə verən və düşünmədən qəbul edən kütlə manipulyasiyanın həm hədəfi, həm də dayağı olur.

Bu gün mediada peşəkar jurnalistlərin sayı azaldıqca, sensasiya və şöhrət dalınca qaçanların səsi daha çox eşidilir. Halbuki jurnalistika məsuliyyət tələb edən peşədir. Obyektivlik, qərəzsizlik və dəqiqlik bu peşənin təməl prinsipləridir.

Media cəmiyyətin güzgüsüdür deyilir. Amma bəzən o güzgüdə özümüzü görmək çətinləşir. Çünki həmin güzgü manipulyasiya, sensasiya və reytinq uğrunda aparılan yarışın tozu ilə örtülür.

Əgər bu sahəyə giriş daha ciddi peşə standartları ilə tənzimlənsə və mediada yalnız məsuliyyətini anlayan insanlar fəaliyyət göstərsə, həm medianın səviyyəsi yüksələr, həm də cəmiyyət daha sağlam informasiya mühitinə sahib olar.

Əks halda isə biz baxdıqca susacaq, susduqca manipulyasiyanın təsiri daha da dərinləşəcək. İnformasiya bolluğu dövründə ən böyük təhlükə məlumatın azlığı deyil, həqiqətin itirilməsidir.

Nəzrin Umay

NDU-nun Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: