10 aprel İnşaatçılar Günüdür

Muxtar respublikada tikinti-quruculuq işləri uğurla davam etdirilir

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.

İnşaat sektorunun inkişafı, bütövlükdə, ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biri hesab edilir. Məhz buna görədir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdi. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə tikinti quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi artırılmış, uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmışinşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları mütəşəkkil qurucu qüvvəyə çevrilmişdir. Dahişəxsiyyətin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə milli memarlıq üslubu saxlanılmaqla genişmiqyaslı quruculuq proqramı həyata keçirilmişdir.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Son illər qəbul edilən dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da, nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Bu gün Naxçıvan Muxtar Respublikasında yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir, şəhər və rayonlarımızda müasir binalar ucaldılır, tarixi abidələr bərpa olunur. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir. Böyük təcrübə sahibi olan muxtar respublika inşaatçıları öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında yerinə yetirirlər. Tikintiquruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülür, Naxçıvan memarlıq məktəbinin ənənələri yaşadılır. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada tarazlı inkişaf təmin olunmuş, investisiya qoyuluşları bütün fəaliyyət istiqamətlərini əhatə etmişdir. Belə ki, 2018-ci ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 1 milyard 17 milyon 79 min manat vəsait yönəldilmişdir ki, bunun da 947 milyon 798 min manatı və ya 93,2 faizi tikinti quraşdırma işlərinin payına düşmüşdür. Aparılan işlər təsərrüfat həyatının bütün sahələrini əhatə edir. Ötən il muxtar respublikada 2114 şagird yerlik 8 tam orta məktəb binası, 7 kənd və 7 yeni xidmət mərkəzi daxil olmaqla, 212 müxtəlif təyinatlı obyekt istifadəyə verilmişdir.

Son 24 ildə muxtar respublikanın quruculuq xəritəsi xeyli genişlənmiş, yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər tikilərək istifadəyə verilmişdir. Belə ki, 1995-2018-ci illərdə bütün maliyyə mənbələrində əsas kapitala yönəldilmiş vəsaitin dəyəri 9 milyard 719 milyon 968 min manat olmuşdur ki, bunun da 8 milyard 633 milyon 785 min manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunmuş, 396 elm və təhsil ocağı, o cümlədən 284 ümumtəhsil məktəbi, 491 mədəniyyət, 285 səhiyyə, 52 idman obyekti, 582 inzibati bina, o cümlədən 156 şəhər, qəsəbə və kənd mərkəzləri, 726 mənzil təsərrüfatı üzrə obyekt, 645 kommunal infrastruktur obyekti, 181 körpü, əlil, məcburi köçkün, qaçqın və şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 516 fərdi ev, 6661 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Blokadanın yaratdığı problemlərdən biri də enerji resurslarına çıxış imkanlarının məhdud olması idi. Ötən illərdə bu sahədə də intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur müasir standartlara uyğun yenilənmiş, davamlı olaraq yeni elektrik stansiyaları qurulmuşdur ki, bu da, son nəticədə, enerji təhlükəsizliyimizin təmin olunmasına imkan vermişdir. Ötən dövrdə Naxçıvan Modul Elektrik Stansiyası, Biləv Su Elektrik Stansiyası, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları, 3 Günəş Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində su elektrik stansiyası tikilmiş, Naxçıvan QazTurbin Elektrik Stansiyası yenidən qurulmuşdur. Hazırda Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının inşası davam etdirilir.

Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Yol-nəqliyyat infrastrukturunun da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu gün muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Son illər muxtar respublikanın bütün bölgələrində avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş, şəhər və rayon mərkəzlərində müasir yollar çəkilmiş, magistral və yerli əhəmiyyətli yollar yenidən qurulmuşdur. Belə ki, muxtar respublikanın blokada şəraitindən çıxaraq qonşu ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsində, İpək Yolunun bir hissəsi olan beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda NaxçıvanCulfa və 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları, eləcə də Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən ÇeşməbasarBoyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm Arazkənd dairəvi avtomobil yolu yenidən qurulmuşdur. Son on ildə muxtar respublikada 1198 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 50 körpü tikilmiş, 15 körpü isə əsaslı təmir olunmuşdur. Hazırda Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması davam etdirilir.

Yeni obyektlərin inşası ilə yanaşı, tarixi abidələrin bərpası da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirdiyi tədbirlər çərçivəsində hər il yeni abidələr bərpa olunaraq tarixi görkəmi özünə qaytarılır. Bu işdə muxtar respublika inşaatçıları fəal iştirak edir, abidələrimiz tarixi görkəmi saxlanılaraq bərpa edilir. Son illər bərpa olunan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” TarixMemarlıq Muzey Kompleksi, Nuhun türbəsi, Əlincəqala tarixi abidəsi, Gülüstan türbəsi, “ƏshabiKəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, buzxanalar, Qarabağlar Türbə Kompleksi, Nehrəm İmamzadəsi, Yengicədəki Şərq hamamı və Qazançı körpüsü Naxçıvanın zəngin tarixi-mədəni irsini özündə yaşatmaqla yanaşı, həm də bu torpaqda qədim tikinti mədəniyyətindən, memarlığın inkişafından xəbər verir.

Muxtar respublikanın tikinti sektorunda çalışan işçilərin sağlamlığının qorunması və tikinti işləri zamanı keyfiyyətin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması barədə keçirilən müşavirələrdə bu məsələ ilə bağlı aidiyyəti orqanlara konkret tapşırıqlar verilmişdir.

Peşə bayramlarını qeyd edən muxtar respublika inşaatçıları bundan sonra da əzmlə çalışacaq, yaradıcı əməklərini müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının daha da inkişafına sərf edəcəklər.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: