Ötən həftənin sonu qeydə alınan piyadavurma hadisələrinin təhlili bir sıra təhlükəli məqamları yenidən xatırlatmağı tələb edir. Belə ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalar arasında qaydalara biganəlik təkcə bir gün ərzində 3 nəfərin həyatına son qoyub.
Bu barədə NUHÇIXAN-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, sutkanın qaranlıq vaxtı, yaşayış məntəqələrində qeydə alınan həmin hadisələr bir daha deməyə əsas verir ki, hələ də əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşğuliyyətə aludəçilik – bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması yollarda yaşanan faciələrin başlıca səbəblərindən biridir. Lakin hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi həmin mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanına çevrilə bilər.
“Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Unutmaq olmaz ki, həmin sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər”, - deyə məlumatda vurğulanıb.
