NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə gömrük orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir
Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqəyə ali məktəbləri gömrük işi, maliyyə, iqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər və idarəetmə ixtisası istiqamətləri üzrə bitirən və yaşı 30-u keçməmiş şəxslər buraxılır.
Namizədlərin gömrük işi üzrə bilik səviyyəsinin, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsabiqə iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir.
Qanunvericiliyə əsasən Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya təşkil edir. Test imtahanında iştirak etmək istəyən şəxslər 10 aprel 2019-cu il tarixdən 10 may 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq “999000” nömrəli vəzifə kodu üzrə elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş surətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi
2. Ali təhsil barədə diplom (Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə)
3. Əmək kitabçası (son iş yeri barədə qeydin olması şərtilə)
4. Hərbi bilet
5. 3x4 santimetr ölçüdə fotoşəkil (ağ fonda).
Namizədlər elektron ərizəni təsdiq etmək üçün müəyyən olunmuş məbləği (70AZN) “şəxsi kabinet” üzərindən bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz komissiyaya təqdim edilməlidir.
İkili vətəndaşlığı olan şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Müsabiqənin test mərhələsində uğur qazanmış namizədlər müsahibə mərhələsində iştirak edir. Müsahibə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində yaradılmış Müsabiqə komissiyası tərəfindən keçirilir. Müsahibənin vaxtı barədə namizədlərə bir həftə əvvəlcədən məlumat verilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində mövcud olan vakant Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsinin tutulması üçün də müsabiqə elan edilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 10 aprel 2019-cu il tarixdən 10 may 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq “999023” nömrəli vəzifə kodu üzrə elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsabiqədə ali təhsil müəssisələrini Jurnalistika, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Tarix müəllimliyi və Hüquqşünaslıq ixtisasları üzrə bitirən və kütləvi informasiya vasitələri sahəsində jurnalist kimi ən azı 2 il iş təcrübəsi olan şəxslər iştirak edə bilərlər.
Əlaqə telefonları: (036) 545-65-71 (Naxçıvan Muxtar Respublikası Dövlət Qulluğu Məsələləri üzrə Komissiya)
(036) 544-49-72 (Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi)