Naxçıvanda restoran və kafedə nöqsanlar aşkarlanıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində aparılan planlı yoxlamalar zamanı nöqsanlar aşkar olunub.
Agentlikdən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan şəhəri C.Məmmədquluzadə küçəsi, ev 50 ünvanında fəaliyyət göstərən, Quliyev Elman Səttar oğluna məxsus “Ukrayna” restoranında aparılan yoxlama zamanı mətbəxdə döşəmə, divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün xüsusi yerlərin təşkil edilmədiyi, birdəfəlik nəzərdə tutulan qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu müəyyən edilib. Həmçinin soyuducu rəflərinin korroziyaya uğradığı və soyuducuda mal qonşuluğu prinsipinə əməl edilmədiyi məlum olub.
Eyni zamanda Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 5A ünvanında fəaliyyət göstərən, Zeynalov Şükür Abbas oğluna məxsus kafedə aparılan yoxlama zamanı mətbəxdə divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün xüsusi yerlərin təşkil edilmədiyi, birdəfəlik qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu aşkarlanıb. Bundan əlavə, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan altlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı və sənədləşdirilmədiyi müəyyən olunub.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün sahibkarlara müvafiq göstərişlər verilib və hər iki obyekt sahibi barəsində inzibati protokol tərtib olunub. Agentlik bildirir ki, istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.