Naxçıvanın inkişaf hesabatı: sosial rifah və iqtisadi artımın vəhdəti

A- A A+

Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün mühüm strategiyaların əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyası bu gün yalnız milli deyil, həm də beynəlxalq miqyasda qəbul edilən və praktik nəticələrlə təsdiqlənən inkişaf modelinə çevrilib. Bu strateji yanaşma müasir dövrdə iqtisadi sabitliyin, siyasi müstəqilliyin və sosial rifahın təmin olunmasının əsas şərti kimi çıxış edir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkədə dayanıqlı inkişaf modeli formalaşıb, bu model regionların, o cümlədən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında öz real təcəssümünü tapmaqdadır. Muxtar respublikada həyata keçirilən islahatlar yalnız cari iqtisadi göstəricilərin yaxşılaşdırılmasına deyil, eyni zamanda uzunmüddətli inkişafın institusional əsaslarının möhkəmləndirilməsinə yönəlib. Aparılan islahatlar nəticəsində makroiqtisadi sabitlik daha da möhkəmləndirilib, biznes və investisiya mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, sahibkarlıq təşəbbüsləri geniş dəstəklənib. İnfrastruktur layihələrinin miqyasının genişləndirilməsi isə regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradıb.

Muxtar respublikada həyata keçirilən sosial siyasət xüsusi diqqət mərkəzində saxlanılmaqla əhalinin rifah halının yüksəldilməsinə yönəldilib. Sosial müdafiə tədbirlərinin gücləndirilməsi, məşğulluğun artırılması, şəhid və qazi ailələrinə davamlı dövlət qayğısının göstərilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Yerli sənayenin və kənd təsərrüfatının inkişafı ilə paralel olaraq sosial sahələrdə həyata keçirilən yeniliklər kompleks inkişaf modelinin mühüm tərkib hissəsini təşkil edir. Muxtar respublikada görülən tədbirlər regionun iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə və Naxçıvanın rəqabətqabiliyyətli iqtisadi mərkəz kimi mövqeyinin daha da gücləndirilməsinə xidmət edir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fəaliyyətinə dair təqdim olunan hesabat Nazirlər Kabineti tərəfindən 2025-ci il ərzində həyata keçirilmiş sosial-iqtisadi siyasətin nəticələrini və qarşıya qoyulmuş vəzifələrin icra vəziyyətini əhatə edən mühüm sənəd kimi çıxış edir. Sənədin əsas məqsədi müvafiq dövlət orqanlarının fəaliyyətinin və əldə olunmuş nəticələrin sistemli şəkildə qiymətləndirilməsi, eyni zamanda müxtəlif sahələr üzrə görülmüş işlərin ümumiləşdirilmiş formada təqdim edilməsindən ibarətdir. Hesabatda Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursuna uyğun olaraq makroiqtisadi sabitliyin qorunması, iqtisadi artımın təmin edilməsi, əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətləri üzrə muxtar respublikada görülmüş işlər geniş şəkildə əks etdirilir. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, infrastruktur layihələrinin reallaşdırılması və institusional islahatların dərinləşdirilməsi hesabatın əsas prioritetlərindəndir.

Hesabat göstərir ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı artıb, iqtisadi fəallıq yüksəlib. Real sektorun, xüsusilə sənaye və kənd təsərrüfatı sahələrinin inkişafı iqtisadi dinamikanı təmin edib. Dövlət maliyyəsi sahəsində büdcə gəlirləri artıb, xərclər, əsasən, sosialyönümlü layihələrə və infrastrukturun inkişafına yönəldilib, büdcə intizamı gücləndirilərək maliyyə dayanıqlılığı qorunub. Xarici iqtisadi əlaqələr genişlənib, ticarət dövriyyəsi artıb və yerli məhsulların yeni bazarlara çıxışı istiqamətində mühüm addımlar atılıb. Göstəricilərin təkcə 2025-ci ili əhatə etməməsi, əvvəlki illərlə müqayisəsinin də aparılması muxtar respublikanın bir neçə il üzrə iqtisadi inkişaf mənzərəsinə nəzər salmağa, daha dərin təhlillər aparmağa şərait yaradır.

Sənədə əsasən sənaye istehsalında artım qeydə alınıb, yeni müəssisələr yaradılıb, yerli xammala əsaslanan istehsalın genişləndirilməsi idxaldan asılılığın azaldılmasına xidmət edib. Kənd təsərrüfatında məhsul istehsalı tədricən artıb, aqrar sahəyə dövlət dəstəyi gücləndirilib, subsidiyalar məhsuldarlığın yüksəlməsinə səbəb olub. Sahibkarlıq mühitinin yaxşılaşdırılması məqsədilə vergi və inzibati yük azaldılıb, kiçik və orta biznesin inkişafına dəstək mexanizmləri genişləndirilib ki, nəticədə, büdcə daxilolmaları xeyli artıb. Nümunə üçün qeyd etmək yerinə düşər ki, 2025-ci ildə yerli büdcələr üzrə daxilolmalar plana qarşı 136 faiz, 2024-cü ilə nisbətdə isə 14,9 faiz daha çox icra olunaraq 260,4 milyon manat olub.

Hesabatda Prezident İlham Əliyevin ölkə üzrə həyata keçirdiyi sosial siyasətinin Naxçıvan Muxtar Respublikasında icra vəziyyəti təhlil edilir. Qeyd olunur ki, əhalinin həssas qruplarına yönəlik proqramlar genişləndirilib, sosial müavinətlər və pensiyalar artırılıb. Məşğulluğun təmin olunması istiqamətində yeni iş yerləri yaradılıb, özünüməşğulluq proqramlarının effektivliyi gücləndirilib. Xüsusilə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına dövlət dəstəyi xeyli gücləndirilib. Təhsil müəssisələrinin maddi-texniki bazası zənginləşdirilib, STEAM layihəsinin icrası diqqətdə saxlanılıb, məktəblərdə monitorinqlər aparılıb, ali məktəblərə qəbul göstəricilərində artım müşahidə olunub, səhiyyə sahəsində xidmətlərin keyfiyyəti yüksəldilib və əhalinin tibbi xidmətlərə çıxışı yaxşılaşdırılıb. İnfrastruktur sahəsində avtomobil yolları yenilənib, nəqliyyat şəbəkəsi genişləndirilib, enerji təminatı yaxşılaşdırılıb və alternativ enerji mənbələrinin istifadəsi artırılıb. Rayon, qəsəbə və kəndlərdə su-kanalizasiya sistemlərində yenilənmələr aparılıb, rəqəmsal xidmətlərin tətbiqi genişləndirilib və elektron hökumət platformalarının fəaliyyəti təkmilləşdirilib.

Hesabatda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyəti barədə də geniş şərhlər verilib, təhlillər aparılıb. Bundan başqa, İnvestisiya proqramı, su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya çərçivəsində reallaşdırılan mühüm layihələr diqqətə çəkilib. Şərur Sənaye Məhəlləsi, Naxçıvan Sənaye Parkı və Azad İqtisadi Zonanın yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bütün bu və digər iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq, demək olar ki, gələcək dövrdə muxtar respublikada iqtisadiyyatın daha da şaxələndirilməsi, innovasiya və rəqəmsallaşmanın genişləndirilməsi, ixrac potensialının artırılması, sosial rifahın yüksəldilməsi və dayanıqlı inkişaf təminatı əsas prioritet istiqamətlər kimi özünü daha bariz şəkildə göstərəcək.

Ümumilikdə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fəaliyyətinə dair təqdim olunan hesabat göstərir ki, 2025-ci il ərzində muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu nəticələr verib, regionun iqtisadi dinamikası daha da güclənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində muxtar respublikanın iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb, əhalinin sosial rifahı və həyat səviyyəsi yüksəlib, infrastruktur və insan kapitalının inkişafı ilə dayanıqlı və uzunmüddətli inkişaf üçün möhkəm zəmin formalaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: