“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəkillik fəaliyyətinin statistikasının aparılması Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin səlahiyyətlərinə aiddir. Həmin normanın tələblərinə uyğun olaraq VK tərəfindən vəkillik fəaliyyətinin sistemli şəkildə qiymətləndirilməsi, hüquqi yardımın əlçatanlığının və keyfiyyət göstəricilərinin təhlili həyata keçirilir.
Bu barədə kollegiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, kollegiyanın Rəyasət Heyətinin 2025-ci ilin avqustun 20-də keçirilən iclasında "Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə" statistik hesabatın vahid forması yeni redaksiyada təsdiq edilib, müvafiq olaraq yarımillik statistik hesabatın iyul ayının 31-dək, illik statistik hesabatın isə növbəti ilin yanvar ayının 31-dək Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb. Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən yarımillik və illik statistik hesabatlar təqdim edilib və 2025-ci il üzrə vəkillik fəaliyyətinin statistik hesabatı ümumiləşdirilib.
Aparılmış təhlil nəticəsində müəyyən edilib ki, VK-nın tərkibində 144 Vəkil Bürosunda 2676 vəkil, fərdi qaydada isə 150 vəkil fəaliyyət göstərir.
Hesabat dövründə digər ödənişli əsaslarla (məsləhətlərin verilməsi, prosessual sənədlərin hazırlanması və s.) 13 min 469 fiziki və 1770 hüquqi şəxs olmaqla, ümumilikdə 15 min 239 şəxsə hüquqi yardım göstərilib. Bununla yanaşı, 10 min 521 aztəminatlı şəxs ödənişsiz hüquqi yardımla təmin olunub.
Eyni zamanda, hesabat dövründə 71 min 38 fiziki və 13 min 856 hüquqi şəxslə ümumilikdə 84 min 894 müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə fiziki şəxslər tərəfindən 22 milyon 83 min 185,94 manat, hüquqi şəxslər tərəfindən isə 5 milyon 90 min 268,89 manat olmaqla, ümumilikdə 27 milyon 173 min 454,83 manat məbləğində vəsait ödənilib.
Bundan əlavə, dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə əlaqədar icrası təmin edilən qərarlar üzrə vəkillərə ümumilikdə 5 milyon 999 min 874,51 manat məbləğində ödəniş həyata keçirilib.
