Durub dünyanı hiss et, dünya bürünsün sənə

A- A A+

NUHÇIXAN gənc şair Rahil Tahirlinin yeni şeirlərini təqdim edir:

Bir gün hamı qayıdır

Payızda da yarpaqlar
Düşür xəzəl eşqinə.
Bir gün hamı qayıdır
İlkin, əzəl eşqinə.

Xəyallardan yıxılan,
Bağrı yanıb-yaxılan,
Evdə canı sıxılan
Qaçır özəl eşqinə.

Düz bilinən səhv olur,
Rəhm olunan əfv olur,
Neçə tale məhv olur,
Bircə gözəl eşqinə.

 

10 aprel şeirim

Küskün bir tale gətirdim,
Mən yançı gəldim dünyaya.
Özüm özümü aldatdım,
Yalançı gəldim dünyaya.

Əlimlə yer eşməyimin,
Daşı suyla deşməyimin,
Mən yollara düşməyimin
Qazancı gəldim dünyaya.

Mən ağrıyam hər dəmində,
Həm ağrın, həm həmdəmin də...
Can ay ana, bədənində
Kor sancı gəldim dünyaya.

 

Od əl çəkər, külü neylər

Gül içindən açılar gül,
Gül açmasa, gülü neylər.
Yanmağı dərd etmə könül,
Od əl çəkər, külü neylər.

Bilən bilməz, bilə bilsə...
Vuran elə tutan əlsə...
Üstünə qorxular gəlsə,
Qala bilsən, ölü neylər.

Balıqdı da... dildə balıq,
Qoysan, durmaz əldə balıq...
Yar, sıxılar göldə balıq, 
Dərya bilən gölü neylər.

Bilmirəm

Dərdə qucaq açmışam,
Çəpər, divar, bilmirəm.
Boş mədədən, boş cibdən
Ağır nə var, bilmirəm.

Sözümü söz yanına,
Qaşımı göz yanına,
Yar məni öz yanına
Qoyar, qovar, bilmirəm.

Rahil, susma, ya din, ya...
Bax önünə, ya dön, ya...
Haçan səni bu dünya
Satar, sovar, bilmirəm.

 

Can görür can üstəsən

Səs eşitcək özün get,
Öz hayına özün yet,
Durub dünyanı hiss et
Dünya bürünsün sənə.

Dinə bilsən, dil anlar
Yerdə, göydə olanlar.
Bütün qurdlar, ilanlar
Çağır, sürünsün sənə.

Can görür can üstəsən...
Həkim deyir xəstəsən.
Nəyi görmək istəsən
İnan, görünsün sənə.

 

 

Alıb-satdım ömrü qoz tək

Dərd yaladı, yedi duz tək,
Barmaq çəkib baxdı toz tək.
Alıb-satdım ömrü qoz tək -
Mənə qaldı tıqqıltısı.

Kim başıma kül ələdi,
Kim tutdu, kim güllələdi?!
Şah budağım “şaq” elədi,
Şahə qalxdı şaqqıltısı.

Budur ömrün sürüntüsü,
Ha bax, yox ki, görüntüsü,
Ürəyimdə döyüntüsü,
Saatımda çıqqıltısı.

 

Öz budağın kəsir hamı

Neyləsə  özünə edir,
Öz budağın kəsir hamı.
Çox arzu ürəkdə qalır,
Arzusundan kəsir hamı.

Kimi öz sözündə ağa,
Kimi öz gözündə ağa,
Kimi yer üzündə ağa,
Öz içində əsir hamı.

Yel qopur tozun göstərir,
Adam var özün göstərir.
Allah sərt üzün göstərir,
Baxıb tir-tir əsir hamı.

 

 

Dərdi çıxartdım başıma

Nə var saldım ürəyimə,
Nə vardı atdım başıma.
Çəkə-çəkə əzizlədim,
Dərdi çıxartdım başıma.

Bilmirəm saralıb solum,
Bilmirəm ağarıb solum.
Mən ağ bayraq qaldırıram,
Taleyimə təslim olum.

Bunun sirrin bilmək olmur,
Kim deyir ki, yaş ağardır.
Ömrüm boyu ah çəkmişəm,
İndi saçım diş ağardır.

Qızlar üz döndərər daha,
Qarılar yığılıb gələr.
Artar ağ-ağ çiçəklərim,
Arılar yığılıb gələr.

Nə var saldım ürəyimə,
Nə vardı atdım başıma.
Çəkə-çəkə əzizlədim,
Dərdi çıxartdım başıma.

 

Üçəcən sayınca

Üçəcən sayınca
Olasan yanımda.
Yadından çıxasan,
Qalasan yanımda.

Qəm düşür izimə,
Qayıdır üzümə,
Doluxsam, gözümə
Dolasan yanımda.

Kəsəsən yanımı,
Tökəsən qanımı,
Gələsən, canımı
Alasan yanımda.

 

Yaş aparar göz yükünü

Yaş aparar göz yükünü,
Qələm çəkər söz yükünü,
Hərə alar öz yükünü
Dərdləri mən daşıyaram.

Ələ verər tələ quşu,
Ələ baxar tale quşu,
Ömrüm boyu gözümdə su,
Saçımda dən daşıyaram.

Dərd üstümə əlin silər,
Dilər məndən ta nə dilər,
Əcəl məni öldü bilər – 
Quru bədən daşıyaram.

 

Qəm dünyaya əkiz gəlib

Yığıblar gözümün yağın,
Suyuna yiyə durmuşam.
Babam, pisinə, yaxşına −
Soyuna yiyə durmuşam.

Ayın-ilin toxuduğu,
Düşmən baxanda qorxduğu,
Anamın yerə soxduğu
Boyuma yiyə durmuşam.

Quş uçub − səsə qalmayıb,
Uçub, heç kəsə qalmayıb,
İllərdən nəsə qalmayıb,
Sayına yiyə durmuşam.

Bir dərd doğma, biri qərib, 
Göydən düşüb, yeri dəlib,
Qəm dünyaya əkiz gəlib, 
Tayına yiyə durmuşam.

 

 

Xoşbəxtlik əlimdə sabun kimiymiş

Yüzün davamıymış yüzbirim, demə,
Ümidim qalmayıb sonrasına da.
Bu bəxt ilan kimi məni çalırsa −
Lənət ağına da, qarasına da.

Bir dəfə güzəştə getmədin, dünya,
Neçə günahımı gizlədim səndən.
Hər dəfə bir sillə yeyib öyrəşdim,
Hər dəfə bir sillə gözlədim səndən.

Bir dəfə bir qismət gəldi qapıma,
O da ayaqüstü görüşdü çıxdı.
Xoşbəxtlik əlimdə sabun kimiymiş,
Mən bərk-bərk sıxanda − sürüşdü, çıxdı.

 

Dərd tapdım ilacın üstə

Quşlar uçar çəndən uzaq,
Dolanmazlar dəndən uzaq.
Ancaq, mənə səndən uzaq,
Səndən doğma adam yoxdur.

Yer tap - ola biləcəyin,
Girib qala biləcəyin.
Sağ ol, ala biləcəyin
Dərdim yoxdur, qadam yoxdur.

Dərd tapdım ilacın üstə,
Əl açdım əlacın üstə,
Bu boyda ağacın üstə
Bir dənə də badam yoxdur.

 

Allah sözə parçalandı

Dünya Tanrının ovcundan,
Ya gözündən kürə düşdü.
Demədiyim ürəyimə,
Dediyim söz yerə düşdü.

Açar varmı, açaq dərdi,
Qaçqın dərdi, qaçaq dərdi.
Sinəmizi bıçaq dəldi −
Dağ ayrıldı, dərə düşdü.

Əksi ona oxşamadı,
Yat, bu yemək axşamadı.
Yaman yerdə axşamladı,
Yaman yerdə şərə düşdü.

Alov közə parçalandı,
Bulaq gözə parçalandı,
Allah sözə parçalandı −
Ayə düşdü, surə düşdü.

 

O inandı, o bilmədi

Min budaq vardı, kəsdiyin
Budağa çəkdin sən onu.
Sinəsinə bir dağ çəkdin, 
O dağa çəkdin sən onu.

Əzsən də əziz göründün,
Gözünə dəniz göründün.
Özün tər-təmiz göründün,
Batağa çəkdin sən onu.

Göz yaşı ilmə-ilmədi,
Bir əl də qalxıb silmədi.
O inandı, o bilmədi,
Yatağa çəkdin sən onu.

Min budaq vardı, kəsdiyin
Budağa çəkdin sən onu.
Sinəsinə bir dağ çəkdin, 
O dağa çəkdin sən onu.

 

Neyləsin

Yarpağın ağırlığına saplağı tab gətirmir,
Geci-tezi düşəcəkdi, buna külək neyləsin?
Bir misra söz yazmaq üçün nələrsə təb gətirmir,
Ürəkaçan heç nə yoxdur, buna istək neyləsin?

Uzandıqca uzanandı uzun sözün qısası,
İçimdəki hıçqırığım gülüşümü qısası,
Nöqtə boyda sevincim var, kədərə qısılası,
Heç nəyə ümid qalmayıb, buna dilək neyləsin?

Baş sındırdım, baş açmadım, açılmadı kor düyün,
Mənə bir köynək yad olub, mənə həmdəm gördüyün,
Damcıldayan göz yaşımda əksimi gördüm bu gün,
Gedir gözümün qarası, buna bəbək neyləsin?

Yuvasından düşən quşun qəbahətin soruşma,
Qan tökənin, ev yıxanın axirətin soruşma,
Dolu döyən çiçəklərin aqibətin soruşma,
Bu, çiçəyin taleyidir, buna ləçək neyləsin?

Söykəndiyim, güvəndiyim dirəyimi apardın,
Nakam qalan xoş arzumu, diləyimi apardın,
Qırğı kimi, quzğun kimi ürəyimi apardın–
Məni mənlə öldürürsən, buna fələk neyləsin?

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: