Ağstafalı şəhid son mənzilə yola salınıb - FOTOLAR
Azərbaycan-Ermənistan dövlət sərhəddinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarovla mayın 21-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində vida mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, şəhidin 19 il öncə dünyaya gəldiyi evin qarşısında keçirilən izdihamlı mərasimdə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edərək, müdafiə naziri Zakir Həsənovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanlığının başsağlığını şəhidin ailəsinə, doğmalarına və həmyerlilərinə çatdırıb. Qeyd olunub ki, 2017-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Adil Əli oğlu xidmət müddətində özünü nümunəvi, bacarıqlı və hərb peşəsini dərindən mənimsəyən, komandirlərin rəğbətini və təşəkkürünü qazanan döyüşçü kimi tanıda bilib. O, dəfələrlə döyüş, fiziki və mənəvi-psixoloji hazırlıqlarda, ictimai işlərdə özünü fəal bir əsgər kimi təsdiqləyib, təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
A.Qurbani bildirib ki, ermənilərin növbəti təxribatının arxasında bir neçə gün öncə qoşunların bu istiqamətdə qarşıdurma xəttinə səfər edən Ermənistanın yeni təyin olunmuş müdafiə və xarici işlər nazirləri dayanır və təxribatın onların tapşırığı ilə törədilməsi istisna deyil. Azərbaycan əsgəri düşmənin cavabını qısa vaxtda artıqlaması ilə verəcək. Nə qədər ki, gec deyil, düşmən məkrli və hiyləgər niyyətlərindən əl çəkməli və işğal etdiyi əzəli Azərbaycan torpaqlarından rədd olub getməlidir.
Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev deyib: “Bütün xalqımız kimi, ağstafalılar da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan ilk gündən müsəlləf əsgər olaraq Vətənin müdafiəsinə qalxıb və döyüşlərdə bir çox qəhrəmanlıq nümunələri göstəriblər. Ağstafalı döyüşçülərdən 146 nəfəri şəhidlik zirvəsinə ucalıb. Adil Tatarov isə Qıraq Kəsəmən kəndinin yeddinci şəhididir.”
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri, şəhid atası Yaqub İsmayılov, Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli Azərbaycan əsgərinin qüdrətindən söz açıb, bu qisasın yerdə qalmayacağını bildiriblər.
Şəhidin atası Əli Tatarov dörd bacının yeganə qardaşı olan oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə ucalmasından qürur duyduğunu deyib.
Bölgənin müdafiəsində dayanan hərbi qulluqçular adından çıxış edən Rasim Manafov Adil Tatarov kimi mübariz oğulların intiqamlarının tezliklə alınacağına and içib.
Şəhidin cənazəsi hərbi orkestrin, Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsinin və fəxri qarovulun müşayiəti ilə kənd qəbiristanlığına aparılıb, dövlət himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.
Şəhidin cənazəsinə bükülən Azərbaycan bayrağı əbədi xatirə kimi atasına verilib.