Sığorta işinin təşkili müzakirə olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası işində görülmüş işlərdən danışıb. Bildirib ki, Dövlət Yol Polisi İdarəsində 2019-cu ilin ötən dövrü ərzində ilkin qeydiyyata alınmış 41 nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti sığortalanıb, sürücülük vəsiqəsi alan 1462 vətəndaşa isə fərdi qəza sığortası şəhadətnaməsi verilib.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov ötən müddət ərzində Dövlət Yol Polisi ilə birgə aparılmış işlər nəticəsində muxtar respublikada avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığorta etdirilməsi sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, 2019-cu ilin birinci rübü ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4722 müqavilə bağlanılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 328 ədəd çoxdur.
Hikmət Əsgərov onu da vurğulayıb ki, mülki məsuliyyətini sığorta etdirmiş nəqliyyat vasitəsi sahibləri tərəfindən yol-nəqliyyat hadisəsi baş verdiyi halda üçüncü şəxslərə dəymiş zərərin məbləği dövlət sığorta orqanları tərəfindən ödənilir.
Qeyd olunub ki, sığorta işinin daha da təkmilləşdirilməsi üçün bu ilin mart ayında Dövlət Baş Sığorta Agentliyinə vətəndaşlara səyyari xidmət göstərilməsi üçün 2 mikroavtobus təqdim olunub və onlar bütün informasiya-kommunkasiya vasitələri ilə təmin ediliblər.
Tədbirdə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin sığorta işinin aparılmasında fərqlənmiş 15 nəfər əməkdaşına pul mükafatları təqdim olunub.
Əbülfəz Dünyamalıyev