Paytaxtda yanğın təhlükəli obyektin fəaliyyəti qismən məhdudlaşdırılıb - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 36A ünvanında yerləşən “Omid” MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Qeyd olunub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, izolyasiyasında zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, daxili yanğın kranlarında suyun təzyiqi normaya uyğun təmin edilməyib və su təzyiqinin yaradılması üçün xüsusi yanğın nasosları yoxdur. Həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin olunmayıb.
Bundan başqa, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, yanğın zamanı təxliyə üçün köçürmə planı tərtib olunmayıb, təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb, obyekt rəhbəri tərəfindən yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatlar işlənib hazırlanmayıb, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib.
“Beləliklə, mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyini göstərir. Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 36A ünvanında yerləşən “Omid” MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasının fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.