Naxçıvanda məhkumlar üçün bayram tonqalı qalanıb - VİDEO
Martın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Novruz bayramı münasibətilə şənlik təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məhkumların mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması və bayram əhval-ruhiyyəsinin paylaşılması olub.
Tədbirdə Penitensiar Xidmətin əməkdaşları və məhkumlar iştirak ediblər. Xidmətin Strateji Planlaşdırma və Monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov məhkumları bayram münasibətilə təbrik edib. O qeyd edib ki, bayramlar insanları birləşdirən, ümid və xoş əhval yaradan xüsusi günlərdir və bu cür tədbirlər məhkumların sosial adaptasiyasına müsbət təsir göstərir.
Proqram çərçivəsində iştirakçılar üçün bayram süfrəsi təşkil olunub, məhkumların iştirakı ilə bayram tonqalı qalanıb. Həmçinin tədbirdə Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin əməkdaşları, “Harmoniya” instrumental ansamblının nümayəndələri tərəfindən musiqili çıxışlar təqdim olunub, Novruz bayramının əsas personajları Kosa və Keçəl tərəfindən bədii nümunələr nümayiş etdirilib.