Şərur süfrəsinin yaraşığı-mərəcöyüdlü kətə - FOTOLAR
Bu bir həqiqətdir ki, milli mətbəximizin ləziz yeməklərindən olan kətənin qədim tarixi var. Hər ilin yaz aylarında Naxçıvanda demək olar ki, bütün bölgələrdə bu ləziz nemət bişirilirdi. Amma nədənsə birdən-birə bu dadlı yemək növü sanki unuduldu. Hətta bir neçə il bundan əvvələ qədər ən çox müxtəlif ictimai iaşə şəbəkələrində, tək-tək hallarda isə evlərdə bişirilərdi. Bişirmək üçün isə qədimdə olduğu kimi təndirdən yox, təsadüfi hallarda sacdan, ən çox isə elektrik avadanlıqlarından istifadə olunardı.
2017-ci ilin aprel ayında “Naxçıvanqala” Tarix-Memarlıq Kompleksində keçirilən I Kətə festivalı isə əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi, yaşadılması və təbliği ilə yanaşı, həm də bunun gələcək nəsillərə çatdırılmasına yenidən təkan verdi.
Bu il aprel ayının 16-sı və 17-də eyni ünvanda yenə də Kətə festivalı keçiriləcək. II Kətə festivalı da yerli sakinlərlə yanaşı, xarici ölkələrdən muxtar respublikamızın paytaxtına gəlmiş əcnəbilərin də yəqin ki marağına səbəb olacaq.
Birinci festivalda bir daha məlum oldu ki, kətənin 10-dan çox növü var: şomun kətəsi, qazayağı kətəsi, qarışıq kətə, çiriş kətəsi, balqabaq kətəsi, mərcimək kətəsi və sair. Şərur rayonunda bişirilən mərəçöyüd kətəsinin isə dadı-tamı tamam başqadır. Mərəçöyüd qədim zamanlardan müxtəlif xəstəliklər zamanı müalicəvi bitki kimi istifadə olunur.
Mərəçöyüdü həm təzə halda yeyirlər, həm də bişirib istifadə edirlər. Bitkinin ilk vegetasiyaya başlayan vaxtdan 10-15 gün sonra zoğları inkişaf etməyə başlayır. Elə bu vaxt, yəni ilin yaz fəslində onun yumşaq, cavan budaqlarını toplayır, qaynatdıqdan sonra azca sıxır, suyunu çıxarır, yağ-soğanla qızardıb yeyirlər. Közün üzərində bişiriləndə isə bişmiş yaşıl qarğıdalının ətrini və dadını verir.
Dadına və qidalılığına görə mərəçöyüd çox qiymətlidir. Kökü, gövdəsi, çiçəkləri, meyvəsi və toxumu bir çox xəstəliklərin - böyrək, ürək çatışmazlığı, vərəmin müalicəsində istifadə olunur, qankəsici, sidikqovucu xüsusiyyətə malikdir.
Şərur rayonunun əsasən Arazboyu kəndlərində yayılmış mərəçöyüdün tərkibində bir çox faydalı maddələr - zülallar, karotinoid, kalium, orqanik turşular və s. vardır. Bitkidə olan kumarin maddəsi ürək-damar sisteminə çox müsbət təsir edir-ürəyin fəaliyyətini yaxşılaşdırır, damarlarda tıxacların əmələ gəlməsinin qarşısını alır, qanı duruldur. Həmçinin, nəfəs yollarını, böyrəkləri yaxşı təmizləyir, iltihabı azaldır, qaraciyərin fəaliyyətinə, sinir sisteminin sakitləşdirilməsinə müsbət təsir göstərir, bağırsaqlarda olan qəbizliyin qarşısını alır, ürəklə bağlı problemləri azaldır, orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər və s.) təmizləyir.
Mərəçöyüdü orqanizmi möhkəmləndirən, immuniteti artıran vasitə kimi də qəbul edirlər.
Arazqırağı kəndlərdə mərəçöyüdün həm də ləzzətli kətəsini hazırlayırlar. Mərəçöyüd kətəsini də digər yabanı bitkilər kimi doğrayıb, yaxud əllə əzib oxlovla açılmış xəmirin içərisinə qoyub vam odda bişirirlər. Bitkinin tərkibində olan acılıq və özünəməxsus ətir kətəyə xüsusi dad və tam verir.
Hazırda mərəçöyüdün mövsümüdür. Təxminən bir ay, ay yarım davam edən bu fürsətdən istifadə etmək lazımdır. Nəticədə həm ağzımız dada gələr, həm də bir çox xəstəliklərdən uzaq olarıq.
Püstə Məmmədova
“Şərurun səsi” qəzeti