Bir heçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə martın 30-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən təmizliklə bağlı paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib.
Bu barədə NUHÇIXAN-a BŞİH-in mətbuat xidmətindən məlumat verilib. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub.
Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən isə yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri şiddətli yağıların fəsadlarının tam şəkildə aradan qaldırılması, bayram istirahətindən sonra yeni iş həftəsini təmiz şəhərlə qarşılamağımıza və Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini verib.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcək.
