Azərbaycanda əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə bu ilin iyun ayına qədər qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.
NUHÇIXAN xəbər verir ki, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru üzrə 2026-cı il üçün Yol Xəritəsində öz əksini tapıb.
Sənədə əsasən, ölkədə əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması nəzərdə tutulur.
O cümlədən, saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasının bu ilin iyun ayına qədər yekunlaşdırılması planlaşdırılır.
Bununla yanaşı, əməkhaqqından tutulmalarla bağlı müddəaların beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində də təkliflərin hazırlanması nəzərdə tutulur.
Yol Xəritəsində uşaqların əmək hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə inzibati məsuliyyətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin hazırlanaraq razılaşdırılması da əksini tapıb.
Eyni zamanda, "Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlament"in təsdiqi ilə bağlı qərar layihəsinin hazırlanması nəzərdə tutulur.
Bundan əlavə, "təcrübəçi" kimi əmək fəaliyyətinə cəlb olunmuş şəxslərin hüquqi statusunun normativ hüquqi aktlarda tənzimlənməsi planlaşdırılır.
Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra müddəti 1 iyun 2026-cı ilə qədər müəyyən edilib. Sənəd üzrə əsas icraçı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
