Ali təhsil ocağında görüş keçirilib - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, Fransanın Montpelyer Universitetinin NİZAMİ layihəsi üzrə koordinatoru Veronik Montero, layihənin meneceri Artur Resve, layihənin assistantı Ana Yanyuseviç, Erasmus+ Milli ofisinin rəhbəri Pərviz Bağırov universitetdə olublar. NİZAMİ layihəsinin universitetdə necə icra olunduğuna nəzarət etmək məqsədini daşıyan görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “NİZAMİ Layihəsi”nin əhəmiyyətindən söz açaraq bildirib ki, Azərbaycanın bir çox universitetlərinin qatıldığı layihədə əsas məqsəd Azərbaycanda doktorantura təhsilini təkmilləşdirmək, struktur, məzmun və ideya baxımından zənginləşdirərək Avropa standartlarına uyğunlaşdırmaqdır.
Erasmus+ Milli ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, 2015-ci ildə icrasına başlanılan layihənin ölkə üzrə əlaqələndiricisi Təhsil Nazirliyidir. 2020-ci ildə yekunlaşacaq layihənin gələcək perspektivlərə imkan yaradacağı vurğulanıb.
Sonra qonaqlar universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki şəraitlə tanış olublar.
Qeyd edək ki, rektor başda olmaqla universitetin bir qrup müəllim heyəti aprelin 1-dən 4-nə kimi Fransanın Montpelyer şəhərində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi ilə bağlı yekun görüşdə iştirak ediblər.
Görüşdə layihə çərçivəsində iş planına uyğun olaraq Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tərəfdaş ali təhsil müəssisələrinin yekun hesabatları dinlənilib. Həmçinin layihənin əhəmiyyəti, əsas nəticələri və perspektivləri müzakirə olunaraq, tərəfdaş universitetlər hesabatlarla çıxış ediblər.