Gənclər Naxçıvan Sement Zavodunda olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin bir qrup fəal gənci Naxçıvan Sement Zavodu MMC-də istehsalat təcrübəsində olublar.
Gənclərə məlumat verilib ki, 2012-ci ildə istifadəyə verilən bu zavod muxtar respublikamızın ən iri sənaye müəssisələrindən biridir. Zavodun gündəlik istehsal gücü 1200 tondur. Bu müəssisə istifadəyə verildikdən sonra muxtar respublikamızda sementə olan tələbat yerli istehsal hesabına ödənilir.
Tələbələr zavodda istehsal prosesinin ilkin mərhələsi olan qırma-üyütmə sexində olublar. Bildirilib ki, muxtar respublikamızın yerli xammalı olan əhəng daşı və mergel ilkin mərhələdə burada qırılır, üyüdülür və sonrakı istehsal proseslərinə ötürülür.
Sonra tələbələr müəssisənin qırıcı-elektrik otağında, həmçinin xammal dəyirmanında istehsal prosesi ilə tanış olublar. Tələbələrə məlumat verilib ki, xammalın bişirmə və soyutma prosesi müasir avadanlıqlarla həyata keçirilir.
İstehsalın son mərhələsi olan paketləmə sexinə baxan tələbələrə bildirilib ki, 40-50 kiloqramlıq kisələrdə istehsal olunan hazır məhsul buradan sifarişçi təşkilatlara və müxtəlif ticarət şəbəkələrinə göndərilir.
Məhəmməd Fərəcov