Tariximizin sarsılmaz zərif sütunları

A- A A+

Azərbaycan tarixinin hər səhifəsində qılıncının kəsəri, ağlının gücü və iradəsinin sarsılmazlığı ilə dastan yazan qadınlarımızın izi var. Bu torpaq qəhrəman oğullarla yanaşı, həm də dünyaya dərs verən, şahları diz çökdürən, elçiləri heyran qoyan qüdrətli analar yetişdirib.

Bizim tariximiz ana Vətən anlayışının, sadəcə, bir ifadə olmadığını, qadınlarımızın bu Vətənin həm ruhu, həm də qalxanı olduğunu sübut edən dastanlarla doludur.

Bu şanlı tarixin səhifələrini vərəqlədikcə qarşımızda məğrur bir mənzərə canlanır. Massagetlərin hökmdarı, ana fədakarlığını Vətən sevgisi ilə birləşdirən Tomris tarixin ən böyük fatehlərindən biri olan Kirə qarşı çıxarkən həm öz xalqını, həm də qadın ləyaqətini qoruyurdu. Onun “Həyatında qan içməyə doymamışdın, indi səni qanla doyururam!” kəlməsi əsrlər keçsə də, zalımların qəlbinə qorxu salan bir ədalət hayqırışı kimi səslənir. Tomrisin timsalında biz qadın ürəyinin həm necə mərhəmətli, həm də düşmən qarşısında necə sarsılmaz bir qayaya çevrildiyini görürük.

Zaman keçir, tarixin çarxı fırlandıqca Azərbaycan qadınının zəkası bu dəfə Bərdə saraylarında, Nüşabənin timsalında parlayır. Makedoniyalı İskəndər kimi dünyanı diz çökdürən bir sərkərdəni döyüş yerinə, dərin hikməti və uzaqgörənliyi ilə heyran qoyan Nüşabə qadın ağlının fiziki gücdən qat-qat üstün olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. İskəndərin qarşısına yemək əvəzinə ləl-cəvahirat qoyan o ulu xanım insanın gözütoxluğunun və ağlının ən böyük sərvət olduğunu sübut edərək bir ölkəni qan tökülmədən xilas etməyin yolunu bizə göstərmiş oldu.

Bu zəncirin ən parlaq halqalarından biri də Şərqin ilk qadın diplomatı, Ağqoyunlu dövlətinin sütunu olan Sara xatundur. O,  çətin siyasi gedişlərdə düyünləri açan, Fateh Sultan Mehmet kimi bir sultanla bərabər səviyyədə danışıqlar aparan bir zəka sahibi idi. Sara xatun sübut etdi ki, Azərbaycan qadını diplomatik masada dövlətin maraqlarını canından əziz tutmağı bacarır.

Lakin Azərbaycan qadınının şücaəti təkcə döyüş meydanları və saraylarla bitmədi. O bu cəsarəti XIX-XX əsrlərin maarifçilik hərəkatına, sənət fədailiyinə daşıdı. Cəsur ziyalı xanımlarımızdan biri olan Mədinə xanım Qiyasbəyli  xalqın savadlanması yolunda hər cürə təhlükəni gözə alaraq ilk kənd qız məktəbinin təməlini qoymuşdu 1906-cı ildə. Onun açdığı yol, Azərbaycan qadınının cəmiyyətdəki yerini sarsılmaz etdi.

Musiqi tariximizin ilk parlaq simalarından olan Xədicə xanım Qayıbova isə Şərqin ilk peşəkar qadın pianoçusu və Azərbaycan Dövlət Konservatoriyasının qurulmasında, idarə olunmasında müstəsna xidmətləri olan bir şəxsiyyət kimi tarixə düşdü. Onun barmaqlarından süzülən notlar, əslində, Tomrisin qılıncı, Nüşabənin zəkası qədər kəsərli idi. Çünki o, xalqın mədəniyyətini və ruhunu qoruyurdu. Repressiya illərinin ağır sınaqlarından keçsə də, o uca duruşunu və sənət eşqini heç vaxt itirmədi.

Əslində, bu qadınların hər biri eyni uca ruhun fərqli dövrlərdəki təzahürüdür. Bizim tariximizdə qadın heç vaxt kölgədə qalmayıb. Qadın hər zaman hadisələrin mərkəzində, qərarların başında durub. İstər Tomrisin qılıncı, istər Nüşabənin hikməti, istərsə də Sara xatunun uzaqgörənliyi eyni mənbədən, Azərbaycan qadınının fitri cəsarətindən qidalanıb.

Bu ruh əsrlərin sınağından çıxaraq bu günə gəlib çatıb. Tarixin sərt dönəmlərində torpağın müdafiəsində dayanan, saraylarda diplomatik danışıqlar aparan, ailədə övladına vətən sevgisini aşılayan qadın, əslində, bir millətin yaddaşı və vicdanı olub. Onun səssiz fədakarlığı çox zaman dastanlara düşməsə də, hər qələbənin, hər dirçəlişin arxasında onun görünməyən əməyi dayanıb.

Azərbaycan qadını sərkərdə, elçi, maarifçi, sənətkar və ziyalı kimi tarixə öz möhürünü vurub. Qılıncla meydanda savaşan da o olub, kəlamla mübahisəni bitirən də. Zərifliyi zəiflik kimi yox, əksinə, gücün ən ali forması kimi nümayiş etdirib. Çünki onun iradəsi öz taleyi ilə yanaşı, bütöv bir cəmiyyətin gələcəyini formalaşdırıb.

Bu gün də biz həmin irsin davamçılarıyıq. Müasir Azərbaycan qadını elm sahəsində, mediada, siyasətdə, incəsənətdə və idmanda uğurlar qazanaraq keçmişlə bu gün arasında möhkəm körpü yaradır. O həm milli dəyərləri qoruyur, həm də yeniliyə açıq düşüncə ilə gələcəyə addımlayır. Qədimdən gələn o uca ruh indi yeni formalarda təzahür edir, amma mahiyyəti dəyişmir.

Qədim dövrlərdən bu yana qadınlarımızın iradəsi evdə bir ocaq yandırmaqla kifayətlənmir, bütöv bir vətənin işığını qoruyur. Bu şanlı keçmiş bizim bugünkü məğrurluğumuzun bünövrəsidir. Biz hər dəfə tarixə baxanda anlayırıq ki, qadının gücü millətin taleyini dəyişə biləcək qədər böyük və müqəddəs bir qüvvədir.

Elnurə Cəfərova

Jurnalistika ixtisası üzrə 4-cü kurs tələbəsi

“Şərq qapısı” qəzetinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: