Balaca əllər, böyük ürəklər... - FOTOLAR
Bir çoxumuz üçün sıradan görünən çəhrayı bir şarı ağlınıza gətirin. Hər birimiz mütləq çox da baha olmayan və asanlıqla tapılan belə bir şarı xatırlayırıq. Hətta onunla dəfələrlə əyləndiyimiz vaxtlara qısa bir səfər də edərik. Amma bir çoxları bahalı xəyallarını maddi və mənəvi ehtiyaclarla mübarizə aparan bir uşağın yaşadığı, satılmayan çəhrayı dünyasını yadına salacaq. Mənəvi ehtiyacların başında isə ən sevdiyimiz və ən dəyərli varlıqlarımız – ailəmiz durur. Onlarsız yaşamaq, necə deyərlər, həyatla təkbaşına mübarizə aparmaq heç də asan deyil. Həmin dünyada yaşamaq üçün daim həvəsli olan və hər şeyə rəğmən yenə də xəyal qurmaqdan imtina etməyən körpə qəlblər var. Uşağın kimsəsiz olması, onun yaşadıqları ilə yoğrulması deməkdir. Kimsəsiz demək istəməzdim, mən daha çox sevgisiz qaldıqlarını deyərdim...
Hər birimiz ən saf halımız olan uşaq qalmağı sevirik; bu uşaqla böyüməyi, bu uşaqla öyrənməyi və hətta yaşlanmağı da... Onun balaca əlləri ilə dünyaya tutunmağı da həmçinin. Qorunmağa ehtiyacı olan uşaqların yaşadığı dünya bizimkilərdən tamam fərqlidir. Olduğun mühitin şəraitinə alışmaq və bunu qəbullanmaq məcburiyyətində qalmaq çox ağırdır. Xüsusilə də bir uşaq üçün. Bəzən bu haqda çox düşünürəm: çiçəkli bir yaz səhərinə isti ana nəfəsi ilə oyanmağı və ya atamızın güclü qollarından həm maddi, həm də mənəvi tutunmağı hansımız istəmərik ki? Bəs anamızı qucaqlayanda hiss etdiyimiz o rahatlığı və ya bişirdiyi yeməyi həvəslə yeməyi?
Dünyaya bir dəfə də onların pəncərəsindən baxmağa çalışın. Onlarla danışana qədər nə yaşadıqlarını anlamaq və hiss etmək, məncə, tam mümkün deyil. Bizim ağlayanda sığınmağa ana qucağımız olduğu halda, onlar özlərini necə təsəlli etməyi bacarırlar? Və ya adi bir oyuncaq istəyini kimə deyirlər? Bu kimi sualları özümə tez-tez verirdim. Sonda bu suallara cavab tapmağıma şərait yarandı. Əziz kollektivimiz ilə birlikdə Ordubad internat məktəbinə səfər etdik. Səfərimiz zamanı fərqli, amma mənim üçün həyat dərsi olan bir hadisə ilə qarşılaşdım. Bundan sizə də danışmaq istəyirəm.
İçəriyə daxil olduqda uşaqların gülüşündən doğan isti bir ab-hava var idi. Hər bir uşaqda xəzinənin açarı sıradan xoşbəxtliklərdə gizlənmişdi. Fərqinə vardım ki, hamısı özünü fərqli bir yöndə təsdiq etməyə çalışır, bununla da özlərinə təsəlli verirdilər. Onlara nəzər yetirdiyim anda, ilk başlarda diqqət yetirmədiyim və kənarda ağlayan Hüseyni gördüm. Hər kəs onu birgə əylənməyə çağırırdı, amma içindəki təlatümü, bunu daxilən istəmədiyini heç kəs görmürdü. Diqqət etdikdə o, kənardan nə qədər uşaq görüntüsü versə də, qəlbən sanki hər şeyi anlayır və içində artıq böyümüş bir insanı daşıyırdı. İlk anlar nə qədər çətin olsa da, onu sakitcə kənara çəkib söhbət etməyə və az da olsa, üzündə təbəssüm yaratmağa cəhd göstərdim. Amma nə desəm də, onun tək cavabı var idi:
— İstəmirəm.
Əslində, o, bu yolla hər şeydən qaçır və uzaqlaşırdı. Bu sözün içində nələrin gizləndiyini heç birimiz tam anlaya bilmərik. Bəlkə də orada yaşanmasını çox istədiyi arzuları, gələcəklə bağlı planları və ya hər sabah anasının səsiylə oyanmaq istəyi dururdu. Bəlkə də bizimlə deyil, ailəsiylə birgə əylənmək istəyirdi. Qardaşı Həsən ondan fərqli olaraq əylənməyə üstünlük verirdi, amma bu əsnada qardaşını da unutmurdu. Nə görürdüsə, gəlib ona danışır, hətta arada onu da əylənməyə sövq edirdi. Hüseyn yaşca Həsəndən balaca olsa da, sanki hər şeyi daha dərindən hiss edən və anlayan tərəf idi.
Doğrudur, Hüseynlə aramızdakı o sərhədi qırmaq üçün çox vaxt sərf etdim. Lakin davamlı söhbətimizdən sonra onu güldürməyi bacardım. Üzündəki o təbəssümü hər zaman görmək istəyirəm. Saf və gözlərimin önündən getməyən o gülüşü... Sevginin və sevilməyin nə olduğunu mənə bir daha xatırladan o gülüşü...
Deyəsən, qəlbini qazanmağı bacarmışdım. Söhbət əsnasında Yeni ili və ayın sonunu səbirsizliklə gözlədiyini qeyd etdi. Anasının gəlib onları özü ilə götürəcəyini və ya onlara baş çəkməyə gələcəyini ümid edirdi. Hüseyn zamanla hətta oyun belə oynamağa başladı. Oyun zamanı ona daim dəstək olmağa çalışdım. Görünən o idi ki, gözü hər zaman sevdiyi tərəfi axtarırdı; gözlərindəki gülüşün arxasında olan kədəri duya bilən birilərini... Oyundan sonra ondan nə olmaq istədiyini soruşanda qürurla verdiyi "Mən hərbçi olacam!" cavabı məni təsirləndirdi. Bu yaşında öz vətənini və sevdiklərini qorumaq istəyirdi. Hansı ki o sevdikləri onu sevgidən məhrum qoymuşdu, ona ailə şansını verməmişdi...
Havanın tutqun və soyuq olmasına baxmayaraq, orada keçirdiyim vaxt ərzində sanki günəş bərq vururdu. Buz kimi havada balaca qəlbləriylə bizi isidən o məkandan evə yola düşdük. Son dəfə Hüseynlə sağollaşdıq və bir-birimizə söz verdik ki, mütləq yenidən görüşəcəyik və o, növbəti səfərə qədər məni unutmayacaq.
Sevgi və qayğı ilə böyüyən uşaqlar sabahın daha yaxşı dünyasını quracaqlar. Bu səbəbdən hər birimiz Hüseyn və onun timsalında olan uşaqların parlaq gələcəyinə töhfə vermək üçün birləşməli, onların qarşılaşdığı çətinlikləri cəmiyyətə çatdırmalıyıq. Sevmək və sevilmək bu qədər asan olduğu halda, kiçik nəvazişləri körpə qəlblərdən əsirgəməyin.
Sevgiylə qalın...
Səmayə Rəsulova
Jurnalistika ixtisası üzrə 4-cü kurs tələbəsi