Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində dünyaya göz açıb. O, 10 uşaqlı ailənin övladlarından biri olub.
Gələcəyin qəhrəmanı 1990–1993-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alaraq hərb yolunu seçib.
2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad olunmasında göstərdiyi igidlik onun adını tarixə yazdırıb. Bu şücaətinə görə İlham Əliyevin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Eyni zamanda, həmin əməliyyat zamanı göstərdiyi qəhrəmanlığa görə vaxtından əvvəl “polkovnik” hərbi rütbəsi ilə təltif olunub.
Vətən müharibəsi dövründə də ön cəbhədə olan Şükür Həmidov Qubadlı rayonunun bir sıra kəndlərinin azad olunması uğrunda döyüşlərdə iştirak edib.
O, 22 oktyabr 2020-ci ildə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezidentin sərəncamları ilə Şükür Həmidov ölümündən sonra “Vətən uğrunda” medalı, eləcə də “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif edilib.
Milli Qəhrəmanın bir oğlu və bir qızı yadigar qalıb. Onun şücaəti və vətən sevgisi hər zaman yaddaşlarda yaşayacaq.
Nurtac İsmayılova
