Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a verilən xəbərə görə, Şahbuz şəhərində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir olub. Şahbuz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turanə Məhərrəmli tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət verilməsi haqqında danışıb. Komitə sədri erkən nikahların fəsadları, sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən keçirilməsi, nikahdan əvvəl irsi qan xəstəliklərinin, virusların yoxlanılması, qan qohumluğu nikahları zamanı tibbi müayinənin vacibliyi məsələlərinə də toxunub.
Qeyd edilib ki, Şahbuz rayonu üzrə sağlamlıq imkanları məhdud 126 uşaq var. Bu ümumi uşaqların 1,4 faizini təşkil edir. Muxtar respublika üzrə isə sağlamlıq imkanları məhdud uşaqların 6.48 faizi Şahbuz rayonunun payına düşür.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şahbuz rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.