“Konstitusiya və Suverenlik İli”ndə Amnistiya Aktının mahiyyəti və rolu

A- A A+

19 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisdə Amnistiya aktı qəbul edilmişdir. Bu akt ölkədə “Konstitusiya və Suverenlik İli” münasibətilə genişmiqyaslı humanist addım kimi qiymətləndirilir və tarixdə ən geniş əhatəli amnistiya aktlarından biri hesab olunur.

Ölkəmizdə son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılmış, qəbul edilmiş 13 amnistiya qərarı isə 150 mindən çox şəxsə şamil olunmuşdur. Bu amnistiya aktı ölkəmizdə humanizmə əsaslanan cəza siyasətinin sistemli və davamlı xarakter aldığını, əfv və amnistiya institutlarının dövlət idarəçiliyində mühüm və strateji yer tutduğunu bir daha təsdiqləyir.

Azərbayacanda əfv və amnistiya təsisatları ümummilli lider Heydər Əliyevin dövründə yaradılıb. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən dövlətçilik baxışının bariz nümunəsi olaraq 1995-ci ildə müstəqil Azərbaycan tarixində ilk əfv fərmanının imzalanması ilə ölkəmizdə humanist cəza siyasətinin təməli qoyulub. Bu strateji xəttin məntiqi davamı kimi, 1996-cı ildə ilk amnistiya aktının qəbul edilməsi hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarına əsaslanan yanaşmanın institusional səviyyədə təsbit olunmasını təmin edib. Təkcə Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul olunan 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib. Sonrakı illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları dövlətin humanist dəyərlərə söykənən siyasətinin ardıcıl və nəcib təzahürü kimi müstəsna əhəmiyyət kəsb edib. Xüsusilə 2016 və 2021-ci illərdə elan edilən amnistiya aktları həm əhatə dairəsinin genişliyi, həm də yaratdığı sosial-hüquqi təsirin miqyası baxımından müasir Azərbaycan tarixində ən əlamətdar humanist qərarlar sırasında yer almışdır.

Təsadüfi deyil ki, bu amnistiya aktı ilk növbədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxsləri, həmin əməliyyatlarda həlak olmuş, əlil olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını, eləcə də bu xidmətlərinə görə dövlət təltifləri almış şəxsləri əhatə edir. Eyni zamanda, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları dövründə, habelə Xocalı soyqırımı zamanı mülki əhaliyə qarşı törədilmiş hərbi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər və onların ailə üzvləri və bu kateqoriyadan olan digər insanlar da amnistiya tətbiq olunan şəxslər dairəsinə daxil edilir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi amnistiya layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədidir.

Onu da qeyd edək ki, amnistiya aktının icrası üzrə ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında, dürüst və mütəşəkkil qaydada icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə müvafiq əmr imzalanıb və amnistiyanın icrası həyata keçirilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi Amnistiya aktı insan hüquqlarının müdafiəsi, cəmiyyətin sosial‑psixoloji vəziyyətinin yaxşılaşdırılması və penitensiar sistemdə cərimə və cəza yükünün azaldılması məqsədilə irəli sürülüb. Bu addımın rəsmi açıqlamasında qeyd olunub ki, akt “Konstitusiya və Suverenlik İlini” qeyd etməklə insanlara ikinci bir şans vermək niyyətini əks etdirir.

Probasiya xidməti azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə nəzarəti həyata keçirir. Probasiya nəzarəti məhkəmə qərarı əsasında şərti məhkumlar, azadlığın məhdudlaşdırılması, ictimai və islah işləri, cərimə və digər qeyri‑təcridetmə cəzalarını yerinə yetirən şəxslər üzərində tətbiq olunur. Xidmətin əsas məqsədi bu əks‑cəza tədbirlərinin icrasına nəzarət, sosial adaptasiya və reabilitasiya, yenidən cinayət törətmənin qarşısının alınmasıdır.

Probasiya nəzarətində olan şəxslər üçün təkcə cəzanın icrası deyil, eyni zamanda onların cəmiyyətə inteqrasiya olunması, davranışın düzəldilməsi və ictimai həyatda qaydalara uyğunluğunun təmin olunması da vacibdir. Bu, yalnız hüquqi nəzarət deyil, sosial‑psixoloji dəstək mexanizmlərini də əhatə edən kompleks prosesdir.

 19 dekabr 2025‑ci il tarixində qəbul edilən Amnistiya aktı çərçivəsində yalnız cəzaçəkmə sistemindəki məhkumlar üçün deyil, probasiya nəzarətində olan şəxslər üçün də geniş tətbiq tədbirləri həyata keçirilir. Bu istiqamət üzrə çoxsaylı şəxslər qeyri‑təcridetmə cəzalarından azad olunur və qanunvericiliklə təsbit olunmuş probasiya nəzarəti tədbirlərindən azad edilirlər.

Müasir cəza siyasətinin mühüm qolu olan Probasiya xidməti də bu prosesdə fəal rol oynayır. Probasiya xidmətində amnistiya prosesinin icrası çərçivəsində azadlığın məhdudlaşdırılması, ictimai işlər, islah işləri, cərimə cəzaları, şərti məhkumetmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üçün tədbirlər görülür. Statistik göstəricilərə görə bugünədək probasiya nəzarətində olan 10226 şəxsə amnistiya tətbiq olunmuşdur.

Probasiya sistemi adekvat şəkildə təşkil olunduqda penitensiar müəssisələrdə sıxlığın azalmasına kömək edir, şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası üçün tədbirlər artır, yenidən cinayət törətmə riski aşağı çəkilir, məhkumların ailə həyatının, əmək bazarına adaptasiyasının və sosial rolunun gücləndirilməsinə şərait yaranır.

Bu yanaşma, eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsi strategiyasının tərkib hissəsidir. Probasiya xidmətinin fəaliyyəti, xüsusilə alternativ sanksiya və nəzarət mexanizmlərinin tətbiqi, beynəlxalq təcrübəyə uyğunlaşma istiqamətində də davamlı olaraq təkmilləşdirilir.

Azərbaycanın probasiya sistemi həm yerli, həm də beynəlxalq təcrübə əsasında strukturlaşdırılmışdır və uzunmüddətli perspektivdə sosial ədalətin təmin olunması üçün mühüm rol oynayır. Bu sistem yalnız cəzaların icrası ilə məhdudlaşmır, həm də reabilitasiya, təlim‑tədris, peşə və davranış dəstəyi layihələrinin həyata keçirilməsinə yönəlir.

Amnistiya aktının bu sistemdə tətbiqi bu qurumun rolunu daha da artırmışdır. Belə ki, cəzanın humanistləşdirilməsi, ictimai təhlükəsizliklə cəmiyyətə reinteqrasiya balansının qorunması, özünəqapanma hallarının və sosial risklərin azaldılması baxımından əhəmiyyət daşıyır.

Probasiya xidmətinin müasir tələblər səviyyəsində təşkili ilə bağlı xeyli işlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi sistemi yaradılıb. Həmin sistem vasitəsilə probasiya nəzarətində olan şəxslərin davranış monitorinqi təmin olunur. Bu yanaşma idarəetmədə şəffaflıq, hesabatlılıq və operativlik baxımından əhəmiyyətli irəliləyişlər yaradıb. GPS əsaslı elektron qolbaqların tətbiqi isə bu sahədə şəffaflığı və operativliyi təmin edən müasir texnoloji nailiyyətdir.

Ümumilikdə qeyd etmək lazımdır ki, indiyədək qəbul olunmuş amnistiya aktları on minlərlə şəxsi əhatə edib, minlərlə məhkum cəzadan tam və ya qismən azad olunub, habelə cəza müddətləri əhəmiyyətli dərəcədə azaldılıb.

Bu qərar dövlətin gücünü cəza sərtliyində deyil, hüquqi məsuliyyət və humanist idarəetmə fəlsəfəsində gördüyünü təsdiqləməklə yanaşı, Konstitusiyanın ali hüquqi sənəd kimi praktik icrasının və suveren qərarvermə mexanizminin institusional yetkinliyini nümayiş etdirir.

Amnistiya aktı hüququn aliliyinin və dövlət humanizminin bariz təzahürüdür. Bu təşəbbüs Azərbaycanın gücünü yalnız hərbi-siyasi qələbələrlə deyil, eyni zamanda hüququn aliliyinə, insan amilinə və sosial ədalət prinsiplərinə əsaslanan idarəetmə modeli ilə təsdiqlədiyini bir daha nümayiş etdirir.

Konstitusiyanın ali hüquqi sənəd kimi hüquqi sabitliyi təmin etməsi və suverenliyin real siyasi məzmun kəsb etməsi məhz bu cür humanist qərarlarla tamamlanır. Bu təşəbbüs müasir Azərbaycan dövlətçiliyinin hüquqi, siyasi və mənəvi əsaslarını üzvi şəkildə birləşdirən mühüm dövlətçilik aktıdır. Dövlət əldə etdiyi suverenliyi yalnız ərazi bütövlüyünün bərpası ilə deyil, eyni zamanda Konstitusiyanın ruhuna uyğun olaraq insan hüquq və azadlıqlarının təmin edilməsi, sosial ədalətin qorunması və hüquqi sabitliyin möhkəmləndirilməsi yolu ilə daha da dərinləşdirir.

Ədliyyə Nazirliyinin fəaliyyəti şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğu üçün, ictimai iştirakçılığa, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığa böyük önəm verməlidir. Bu çərçivədə, əhalinin hüquqi maarifləndirilməsi və həyata keçirilən köklü islahatlar barədə auditoriyanın mütəmadi məlumatlandırılması prosesi fasiləsiz xarakter daşıyır. Hüquqi maarifçilik sahəsində atılan bu addımlar dövlət-vətəndaş münasibətlərində yeni bir keyfiyyət mərhələsi açmaqla yanaşı, cəmiyyətdə sarsılmaz hüquqi sabitliyin və sosial ədalətin bərqərar olunmasında həlledici rol oynayır.

Azərbaycan Respublikası Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə qəbul edilmiş Amnistiya aktı dövlət başçısının xalqına olan sarsılmaz bağlılığının, ədalət və mərhəmət ideallarına sadiqliyinin növbəti təzahürüdür. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi sayəsində həyata keçirilən bu humanizm və mərhəmət siyasəti nəinki minlərlə vətəndaşın taleyində yeni bir səhifə açır, həmçinin cəmiyyətdə xalq-dövlət birliyinin sarsılmazlığını bütün dünyaya nümunə kimi nümayiş etdirir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi

Probasiya şöbəsinin rəisi,

ədliyyə müşaviri Yunis Məmmədov

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: