Naxçıvan torpağının yetirdiyi qəhrəmanlardan biri olan Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olub.
1935-ci ildə Sovet Ordusuna çağırılan Rəfiyev qısa müddət sonra ali hərbi məktəbdə təhsil alaraq peşəkar hərbçi kimi formalaşıb. Böyük Vətən müharibəsi başlayanda – 1941-ci ildə o da cəbhəyə yollanıb və döyüş yoluna sürücü-mexanik kimi başlayıb. Sonradan tank komandiri, daha sonra isə tank bölüyünün komandiri vəzifələrinə yüksəlib.
Nəcəfqulu Rəfiyev Cənub-Qərb cəbhəsi, Şimali Qafqaz və 1-ci Belorusiya cəbhəsi tərkibində gedən ağır döyüşlərdə iştirak edib. 1944-cü ilin yayında Minsk yaxınlığında və Baranoviçi şəhərinin azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidlik onun adını qəhrəmanlıq tarixinə yazdırıb.
Bu şücaətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 sentyabr 1944-cü il tarixli fərmanı ilə ona Sovet İttifaqının ən yüksək fəxri adı – Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Müharibədən sonra da hərbi xidmətini davam etdirən Rəfiyev müxtəlif vəzifələrdə çalışıb. 1955–1959-cu illərdə Lənkəran şəhərində hərbi komissarlıqda şöbə rəisi, daha sonra Culfa rayon hərbi komissarı kimi fəaliyyət göstərib. 1959-cu ildə ordudan tərxis olunaraq Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirib.
Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev 1970-ci il dekabrın 24-də vəfat edib. Onun xatirəsi bu gün də Azərbaycanda dərin ehtiramla yad olunur. Doğulduğu Ordubad şəhərində büstü ucaldılıb, Bakı və digər şəhərlərdə küçələrə onun adı verilib.
Nəcəfqulu Rəfiyev Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutan, vətən uğrunda şücaət nümunəsi göstərmiş igidlərdən biri kimi yadda qalıb.
Nurtac İsmayılova
