NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində əldə etdiyi nailiyyətlər ” mövzusunda tədbir olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Famil Seyidov müstəqillik illərində muxtar respublikanın iqtisadi inkişaf mərhələlərini təhlil edib. Qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra muxtar respublikada da böyük quruculuq proqramı gerçəkləşdirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Ötən illərdə muxtar respublikada sənayenin inkişafı da diqqətdə saxlanılıb. Əvvəllər aqrar sahənin üstünlük təşkil etdiyi muxtar respublikada artıq ümumi daxili məhsul istehsalında sənaye ilk yeri tutur. 1991-ci illə müqayisədə sənaye məhsulunun həcmi 250 dəfə artaraq 990 milyon 67 min manat olub. 1991-ci ildə Naxçıvanda 46 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, ötən dövr ərzində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül və yeyinti sənayesi olmaqla, 442 istehsal sahəsi yaradılıb. Hazırda muxtar respublikada istehsal olunan məhsullar 12 ölkəyə ixrac edilir.
Vurğulanıb ki, yerli istehsal sahələrinin inkişafı nəticəsində 2018-ci ildə muxtar respublikada 383 növdə məhsul istehsal olunaraq 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.
Nazir qeyd edib ki, muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır. 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu fəaliyyət sahəsinə marağı daha da artırmaqla iqtisadi inkişafa da öz töhfəsini verəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclis Aparatının İqtisadiyyat şöbəsi müdirinin müavini Ədalət Hüseynov bildirib ki, muxtar respublikada sosial-iqtisadi tərəqqinin təmin olunmasında istehsal sahələrinin üstün inkişafı ilə yanaşı, infrastruktur sahələrinin də inkişafı diqqət mərkəzində saxlanılır. Vurğulanıb ki, muxtar respublikanın iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi ilk növbədə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, əhali məşğulluğunun təmin edilməsi, ixracın artırılmasına nail olmaqla dinamik sosial-iqtisadi inkişafın davamlılığını uzunmüddətli perspektiv üçün təmin etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov diqqətə çatdırıb ki, 1995-ci illə müqayisədə 2018-ci ildə ümumi daxili məhsul 63,4 dəfə artaraq 2 milyard 773 milyon 20 min manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı isə 46,3 dəfə artaraq 6101 manat olub.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadənin, Dövlət Statistika Komitəsinin şöbə müdiri Rza Tağıyevin və “Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayevin də çıxışları dinlənilib.
Sonda tədbir iştirakçıları Naxçıvan Biznes Mərkəzində sərgilənən yerli istehsal məhsullarına baxıblar.
Mədinə Rəhimli