Azad zonaların yaradılması sahəsində Türkiyə ilə əməkdaşlıq genişləndirilir

A- A A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim olunub və bu sahədə Türkiyənin təcrübəsinin öyrənilməsi imkanları müzakirə edilib. Gələcəkdə azad zonalardan Türkiyəyə heyvandarlıq məhsullarının ixracının genişləndirilməsinin xüsusi prioritet kimi müəyyən edildiyi vurğulanıb.

Zərərvericilərdən azad zonaların yaradılması, fitosanitar nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı bitkilərinin qorunması məqsədilə müasir yanaşmaların tətbiqi məsələləri nəzərdən keçirilib.

Qeyd olunub ki, risk əsaslı zərərvericilərin monitorinqi, onların xəritələşdirilməsi və mərkəzləşdirilmiş bitki sağlamlığı məlumat sistemlərinin qurulması sahəsində Türkiyənin qabaqcıl təcrübəsi öyrəniləcək və yerli şəraitə uyğunlaşdırılması üçün birgə elmi-tədqiqat layihələri həyata keçiriləcək.

Bundan başqa pestisidlərin, aqrokimyəvi maddələrin və bioloji preparatların qeydiyyatı prosedurlarının təkmilləşdirilməsi, istehsal və emal müəssisələrinin texniki qiymətləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyənin Pendik Baytarlıq Nəzarəti İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: