Naxçıvanda rəqəmsal könüllülərlə görüş keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllülük fəaliyyətinə başlayan tələbələrlə görüş keçirilib. “Rəqəmsal könüllülər” proqramı çərçivəsində təşkil olunan görüşdə Nazirliyin nümayəndələri ilə Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisaslarının tələbələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirliyin Aparat rəhbəri Əziz Hümbətzadə iştirakçıları salamlayaraq proqramın məqsəd və əhəmiyyəti barədə danışıb. O bildirib ki, müasir dövrdə rəqəmsal bilik və bacarıqların inkişafı prioritet istiqamətlərdəndir və bu proqram gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Qeyd olunub ki, könüllülük fəaliyyəti gənclərə yalnız nəzəri biliklərini möhkəmləndirmək deyil, həm də real iş mühitində özlərini sınamaq imkanı yaradır.
Daha sonra çıxış edən Nazirliyin İnsan resursları, hüquq, sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri İsmayıl Qəribli və “Naxçıvan Telekom” MMC-nin direktor müavini Seyhun Ələkbərov könüllülük fəaliyyətinin hüquqi və təşkilati tərəfləri barədə məlumat veriblər. Bildirilib ki, könüllülər müxtəlif layihələrə cəlb olunaraq praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Universitetin İnformasiya texnologiyaları ixtisası üzrə tələbələri Səma Abdullazadə və Turanə Qasımzadə çıxışlarında könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd edilib ki, bu proqram vasitəsilə gənclər yeni biliklər qazanmaq, peşəkar mühitlə tanış olmaq və öz bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Görüş interaktiv müzakirə şəraitində davam edib. İştirakçılar proqramla bağlı suallarını səsləndirib, təkliflərini bölüşüblər. Müzakirələr zamanı könüllülərin fəaliyyət istiqamətləri, inkişaf imkanları və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Rəqəmsal könüllülər” proqramı gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onların real iş mühitində təcrübə qazanması və muxtar respublikada rəqəmsal transformasiya prosesinə töhfə verməsi məqsədi daşıyır.