Açıq Səma Altında Muzeydə tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir olub. Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədova qeyd edib ki, Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Toğrul Xəlilov bildirib ki, dünya sivilizasiyasına dəyərli töhfələr verən Naxçıvan qədim, orta əsrlər və yeni dövr tariximizin izlərini özündə əks etdirən nadir maddi mədəniyyət və bədii memarlıq abidələri ilə zəngindir. Möminə Xatın, Əlincəqala, Gülüstan türbəsi, Qarabağlar Türbə kompleksi, Əshabi-Kəhf, Xan Sarayı və digər bir-birindən gözəl, təkrarsız memarlıq nümunələri və arxeoloji abidələri bu diyarın tarixin səhifələrinə vurduğu özünütəsdiq möhürü və daş pasportudur.
Digər çıxış edənlər muxtar respublikada bu gün tarixi abidələrin əsaslı təmir və bərpa olunması, ziyarətgahlara, məscidlərə, hamamlara, türbə komplekslərinə ikinci həyat verilməsindən danışıblar.
Tədbirdə iştirak edən Naxçıvan Müəllimlər İnstitutunun tələbələri, muzey direktorları və işçilərimuzeydə muxtar respublikanın tarixi abidələrinin əks olunduğu rəsmlərdən ibarət sərgiyə baxıblar.
Turab Hacızadə