Qaraqalada tarla-seminar müşavirəsi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək rayonun Qaraqala kəndində yaz əkinlərinin gedişi ilə bağlı keçirilən tarla-seminar müşavirəsində torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçıları iştirak edib. Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov müşavirənin keçirilməsində əsas məqsədin torpaq mülkiyyətçilərinə metodiki və əməli kömək göstərmək olduğunu bildirib.
Rasim Hüseynov son illər rayonda aqrar bölməyə göstərilən qayğıdan, həyata keçirilən mühüm infrastruktur layihələrindən danışıb. Bildirib ki, rayonda 10 min 500 hektar sahədə payızlıq və 1600 hektarda yazlıq əkinlər keçirilir. Bu qədər torpaqların əkilib becərilməsində torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçıları yaxından iştirak edirlər. Bol məhsul əldə olunmasında onlara hərətərəfli qayğı göstərilir, aqrolizinq xətti ilə gətirilən müasir texnikalar əl əməyini yüngülləşdirir, işin səmərə və keyfiyyətini artırır.
İcra başçısı qeyd edib ki, müraciət edən şəxslərin kiçik sexlər, həmçinin emal sahələri yaratması üçün lazimi köməkliklər göstəriləcəkdir. Məqsəd ondan ibarət olmalıdır ki, bol və keyfiyyətli məhsul istehsal edilsin.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov deyib ki, təsərrüfat sahibləri əkin qaydalarına düzgün əməl etməlidirlər. Torpaqların əkin qabağı analizə verilməsi, münbitliyinin qayğısına qalınması, üzvi və mineral gübrələrdən səmərəli istifadə vacib şərtlərdəndir. Bununla yanaşı təkrar əkinlərə də üstünlük verilməli, əkini aparılan sahələrdə toxumlar dərmanlanmalı və standarta uyğun olmalıdır. Xüsusən də hazırkı dövrdə kartof əkinləri zamanı bu şərtlərə əməl etmək vacibdir.
Nazir onu da deyib ki, 2019-cu ildə ailə təsərrüfatçılarına daha çox qayğı göstəriləcək, onların istehsal etdikləri məhsulların satışı üçün lazimi şərait yaradılacaq.
Müşavirədə ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonra tədbir iştirakçıları ailə təsərrüfatçısı Nicat Şükürovun 2 hektarlıq kartof əkini sahəsinə baxış keçiriblər. Mütəxəssislər tərəfindən torpağın əkinə hazırlanması, toxumluq material, əkinin necə keçirilməsi, kartof əkən texnikadan istifadə və digər aqrotexniki tədbirlər barədə məsləhət və tövsiyələr verilib.
Məhəmməd Fərəcov