NUHÇIXAN xəbər verir ki, Şərur rayon məktəbliləri Fizika-Riyaziyyat Təmayüllü Liseylə tanış olublar. Təhsil müəssisəsində bildirilib ki, Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə yaradılıb. Hazırda liseydə 228 şagird təhsil alır. 380 şagird yerlik liseydə 19 sinif otağı, 2 kompüter otağı, şahmat otağı, fizika, kimya və biologiya laboratoriyaları, hərbi kabinə, bufet, idman zalı şagirdlərin istifadəsinə verilib. 4 ildir fəaliyyət göstərən liseyin ali təhsil ocaqlarına qəbulla bağlı nəticələri də yüksək olub. Belə ki, son 2 ildə liseyi bitirən 49 şagirdin hamısı, yaxud məzunların 100 faizi ali təhsil müəssisələrinə qəbul olub, onlardan 19-u 500-700 intervalında bal toplayıb.
Diqqətə çatdırılıb ki, liseydə fəaliyyət göstərən yataqxana 276 yerlikdir. Burada şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Otaqlar lazımi inventarlarla və mebel avadanlıqları ilə təchiz olunub. Həmçinin yataqxanada istirahət otağı və oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.
Qeyd edək ki, aprel ayından liseyə sənəd qəbuluna başlanılıb.
Turab Hacızadə