Kəngərlidə görkəmli alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində təşkil olunan tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevanın büstünü ziyarət edib önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra akademikin həyat və fəaliyyətini əks etdirən xatirə muzeyi ziyarət olunub.
Məktəbin iclas zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov akademik Zərifə Əliyevanın Azərbaycan elminin inkişafındakı mühüm xidmətlərindən, onun oftalmologiya sahəsində qazandığı uğurlardan və zəngin elmi irsindən bəhs edib. Qeyd olunub ki, Zərifə xanım Əliyeva yalnız görkəmli alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yaşayır.
Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəcəf Həsənov və Rayon Təhsil Şöbəsinin müdiri Ayaz Əliyev akademik Zərifə Əliyevanın həyat yolu, elmi fəaliyyəti və gənc nəslin maariflənməsində oynadığı rol barədə geniş məlumat veriblər. Çıxışlarda onun Azərbaycan səhiyyəsinə və tibbin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.