Hazırda Avropada hər on arı növündən biri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu tendensiyanın qarşısını müəyyən qədər almaq məqsədilə Avstriyada “Biz arılar uğrunda” kampaniyasına start verilib.
NUHÇIXAN xəbər verir ki, növlərin mühafizəsi məqsədi daşıyan kampaniya Avstriyanın Aşağı Avstriya federal əyalətini əhatə edir. Buna səbəb isə bu əyalətdə Mərkəzi Avropada ən zəngin növ müxtəlifliyinin - 600-dən artıq arı növünün mövcud olmasıdır.
Kampaniyanın təqdimatında əyalət qubernatorunun müavini Ştefan Pernkopf bildirib ki, yeni kampaniya fermerlər və yerli əhalini məlumatlandırmağa və həvəsləndirməyə xidmət edir. Kampaniya çərçivəsində bal arıları ilə yanaşı vəhşi arı növlərinin təbiət və mədəni bitkilər üçün əhəmiyyəti, onların yaşaması və qidalanması üçün arealların yaradılması, həşəratlar üçün təhlükəli maddələr və s. mövzularda maarifləndirmə aksiyaları nəzərdə tutulur.
Həmçinin qeyd edilib ki, Aşağı Avstriya əyaləti Avropada həşəratların qorunması sahəsində aparıcı regionlardan biridir. Burada hər il fermerlər tərəfindən 220 min hektar ərazidə çiçəkləyən mədəni bitkilər əkilir, 28 min hektar ərazi isə qarışıq çiçəkləyən bitkilərdən ibarət çəmənliklər qismində biomüxtəliflik sahələri kimi qorunur, həşəratlar üçün zərərli gübrə və maddələr kənd təsərrüfatında becərilən ərazilərin cəmi 2-6 faizində istifadə edilir ki, bu da yalnız ciddi tələbat yarandıqda və mümkün qədər həşəratların qeyri-aktiv saatlarında həyata keçirilir.
Qeyd edək ki, geniş ictimaiyyət arasında bal arısı (apis mellifera) ilə yanaşı bir neçə vəhşi arı növü tanınsa da, dünyada arı növlərinin sayı 25 mindən yuxarıdır. Arılar çiçəkləyən bitkiləri tozlandıran əsas həşəratlardır. Çiçəkləyən mədəni bitkilərin 80 faizi yalnız hamımıza yaxşı tanış olan bal arısı tərəfindən tozlandırıla bilir. Digər 20 faiz mədəni bitkilərin tozlandırılması isə digər həşəratlar (vəhşi arılar, kəpənəklər və s.) və küləyin payına düşür.