Müasir dünyada davamlı inkişaf, sosial ədalət və inklüziv iqtisadiyyat anlayışları artıq bir-birindən ayrılmaz məfhumlara çevrilib. Bu kontekstdə qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı yalnız sosial zərurət olmaqla yanaşı, həm də strateji inkişaf faktorudur. Məhz bu baxımdan, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin – AQEM – “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı mühüm siyasi, sosial və iqtisadi məna kəsb edən hadisə kimi tarixə düşür.
Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi bizi qürurlandırdı. Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, təşəbbüskarlıq qabiliyyətinin və qlobal problemlərin həllində fəal iştirakının bir daha şahidi olduq. Azərbaycan uzun illərdir ki, dialoq, əməkdaşlıq və qarşılıqlı etimad platformalarının yaradılmasında mühüm rol oynayır. Bakı isə artıq beynəlxalq konfransların, strateji müzakirələrin keçirildiyi nüfuzlu mərkəzlərdən birinə çevrilib.
Qadın amili: statistik göstəricidən strateji gücə
Konfransda çıxış edən Leyla Əliyeva öz nitqində qadınların cəmiyyət və iqtisadiyyatdakı roluna xüsusi diqqət çəkərək qeyd etdi ki, Azərbaycanda məşğul əhalinin, təxminən, 50 faizini qadınlar təşkil edir. Bu rəqəm qadınların ölkənin iqtisadi həyatında fəal iştirakının, onların istehsal, xidmət, idarəetmə və digər sahələrdə aparıcı mövqelər tutduqlarının real göstəricisidir.
Bu göstərici həm də onu deməyə əsas verir ki, Azərbaycanda qadınlar artıq ənənəvi sosial rollardan çıxaraq iqtisadiyyatın formalaşmasında və inkişafında birbaşa iştirak edən əsas aktorlardan birinə çevriliblər. Bu isə dövlət siyasətinin düzgün qurulmasının, gender bərabərliyinə verilən önəmin və qadınların potensialının reallaşdırılması üçün yaradılan imkanların nəticəsidir.
Leyla Əliyevanın çıxışında xüsusi yer tutan məqamlardan biri də IDEA İctimai Birliyi çərçivəsində həyata keçirilən ekoloji layihələr oldu. Müasir dövrdə iqlim dəyişiklikləri, ətraf mühitin çirklənməsi və təbii resursların tükənməsi kimi qlobal problemlər fonunda bu təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
IDEA tərəfindən həyata keçirilən ağacəkmə kampaniyaları, heyvanların mühafizəsi, tullantıların azaldılması və ekoloji maarifləndirmə layihələrində minlərlə qadının fəal iştirakı diqqətəlayiqdir. Bu, qadınların həm də ekoloji məsuliyyət daşıyan güc kimi formalaşdığını göstərir. Qadının təbiətə bağlılığı, qoruyucu və yaradıcı missiyası bu cür təşəbbüslərdə özünü daha aydın büruzə verir.
Azərbaycanın sədrliyi və yeni təşəbbüslər
Konfrans çərçivəsində ən mühüm məqamlardan biri də Azərbaycanın AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər oldu. Xüsusilə AQEM Qadınlar Şurasının yaradılması ideyası region üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Leyla Əliyeva bu təşəbbüsü yüksək qiymətləndirərək qeyd etdi ki, belə bir platforma qadınların səslərinin daha sistemli və koordinasiyalı şəkildə eşidilməsinə imkan yaradacaq. Bu şura yalnız müzakirə platforması deyil, həm də real fəaliyyət mexanizmi kimi çıxış edərək qadınların qərar qəbuletmə proseslərində iştirakını gücləndirəcək.
Beynəlxalq baxış və regional çağırışlar
AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında qadınların gücləndirilməsinin yalnız sosial məsələ deyil, həm də iqtisadi və siyasi sabitlik üçün vacib amil olduğunu vurğuladı. O qeyd etdi ki, Asiya regionunda qadınların əmək bazarında iştirakı hələ də arzu olunan səviyyədə deyil və gender fərqi, təxminən, 20 faiz təşkil edir. Bu fonda Azərbaycanın göstəriciləri müsbət nümunə kimi xüsusi diqqət çəkir.
Baş katibin fikirləri bir daha sübut edir ki, qadınların iqtisadi və ictimai proseslərdə iştirakı nə qədər geniş olarsa, cəmiyyətlərin inkişafı bir o qədər dayanıqlı və balanslı olar.
BMT Qadınlar Qurumunun icraçı direktoru Sima Sami Bahous isə videomüraciətində qadınların iqtisadi gücləndirilməsinin dayanıqlı inkişafın əsas sütunlarından biri olduğunu qeyd etdi. Onun sözlərinə görə, qadınlara imkanların yaradılması, bütövlükdə, cəmiyyətin inkişafını təmin edir.
Sahibkarlıq, rəqəmsallaşma və yeni imkanlar
Konfrans çərçivəsində keçirilən panel müzakirələri müasir dövrün əsas çağırışlarını əhatə etdi. Xüsusilə “Kiçik və orta biznesdə qadın sahibkarlığı: Süni intellekt və rəqəmsallaşmanın imkanları” mövzusu diqqət mərkəzində oldu.
Bu müzakirələrdə vurğulandı ki, rəqəmsallaşma və süni intellekt qadın sahibkarlar üçün yeni üfüqlər açır. Onlar artıq ənənəvi biznes modellərindən çıxaraq qlobal bazarlara çıxış əldə edir, innovativ məhsullar və xidmətlər təqdim edirlər. Bu isə qadınların iqtisadi müstəqilliyini daha da gücləndirir.
Eyni zamanda “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda panel müzakirələri qadınların ekoloji sahədə liderlik potensialını bir daha ortaya qoydu. Qadınların bu sahədə fəaliyyəti yalnız ekoloji problemlərin həllinə deyil, həm də cəmiyyətin maarifləndirilməsinə mühüm töhfə verir.
Qadınlar Şurası: institusional gücün təməli
Konfransın ən mühüm nəticələrindən biri AQEM Qadınlar Şurasının ilk iclasının keçirilməsi oldu. Bu şura region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşkili və qadınların hüquq və imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayacaq.
Bu təşəbbüs Azərbaycanın beynəlxalq səviyyədə irəli sürdüyü ən uğurlu ideyalardan biri kimi qiymətləndirilə bilər. Çünki bu yalnız bir strukturun yaradılması deyil, həm də qadınların səsinin daha sistemli şəkildə beynəlxalq gündəliyə daxil edilməsidir.
Azərbaycanın mesajı: inklüziv və dayanıqlı gələcək
Bugünkü reallıq göstərir ki, Azərbaycan qadınların gücləndirilməsi sahəsində yalnız daxili siyasət yürütmür, eyni zamanda beynəlxalq təşəbbüslərlə çıxış edərək bu sahədə qlobal liderlik iddiasını ortaya qoyur. Bakıdan verilən mesaj isə aydındır: qadınların iştirakı olmadan nə dayanıqlı inkişaf, nə də sosial ədalət mümkündür.
Bu konfrans bir daha sübut etdi ki, Azərbaycan qadınların hüquqlarının qorunması, onların iqtisadi və sosial imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasət isə yalnız bu günün deyil, gələcəyin də təminatıdır.
Qadınların səsi gücləndikcə cəmiyyətlər daha möhkəm, iqtisadiyyatlar daha dayanıqlı, dövlətlər isə daha güclü olur. Azərbaycan isə bu prosesdə yalnız iştirakçı deyil, həm də istiqamətverici qüvvə kimi çıxış edir.
Sara Əzimova
"Şərq qapısı" qəzetinin baş redaktoru
