Enerji anlayışı insan düşüncəsinin ən qədim və ən dərin mövzusudur. Elm bu anlayışı ölçülə bilən fiziki kateqoriya kimi izah etsə də, insan təfəkkürü enerjini yalnız fiziki yox, həm də mənəvi, psixoloji və fəlsəfi səviyyədə dərk etməyə çalışır. Çalışdıqca isə daha çox sual ortaya çıxır. İnsan sadəcə enerji daşıyıcısıdır, yoxsa enerjini formalaşdıran şüurlu varlıq?
Beynimiz hər saniyə milyardlarla siqnal ötürür. Bu siqnallar düşüncələri, xatirələri və qərarları formalaşdırır. Maraqlıdır ki, adi bir fikir belə insanın fizioloji vəziyyətinə təsir edə bilir. Qorxu ürək döyüntüsünü sürətləndirdiyi halda, sevinc hormonların ifrazını dəyişir, kədər isə bədəni zəiflədir. Bu mənada enerji ifadəsi metaforik anlam daşısa da, onun arxasında real bioloji proseslər dayanır. Bəs enerjini nə azaldır və yaxud çoxaldır?
Hamımızın sevdiyi və gecə yuxusuz qalmaq üçün istifadə etdiyimiz kofe, sən demə, enerjini azaldan səbəblər sırasında imiş. Əksinə olaraq, qızılgül yağı enerjinin çoxalmasına səbəb olur.
Bəlkə də insan enerjisi ən güclü silahdır. Hətta bu enerji ilə xəstəlikləri belə müalicə etmək mümkündür. Hansı ki, artıq inkişaf etmiş Uzaq Şərqdə əl enerjisi ilə müalicə terapiyasının tarixi çox qədimə dayanır.
Son zamanlar dilimizdə daha çox işlənən terminlərdən biri manipulyatordur. Yəni insanların hisslərinə, düşüncə və davranışlarına açıq və gizli şəkildə təsir göstərərək öz məqsədləri üçün istifadə edən şəxs. Düşünün, həmin manipulyator enerjinizi sorur və siz qibtə edirsiniz ki, bu necə də mütəvazi insandır. Artıq bir müddət sonra beyniniz sizi həqiqətən də inandırır ki, sizin ona ehtiyacınız var. Həqiqət isə ağla-qaranın, gecə ilə gündüzün arasında gizlidir.
Əslində enerji dediyimiz şey bəlkə də bizim ruhumuzdur. Ruhu paklaşdırmaqla enerjini artırmaq eyni nəticəyə gəlib çıxmırmı? Tanrı bütün kainata enerjini verən və yaxud yaradanın özüdür. Quranda deyilir: “Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!” (əl-Hicr surəsi, 29-cu ayə). Bəlkə də Tanrının bizə öz enerjisini ötürməsi mənasındadır bu ayə.
Ruh bədəndən çıxanda insan ölür. Sanki elektriklə işləyən soyuducunu cərəyandan ayırırsan. Biz də daxili enerjini xarici enerjiyə çevirə bilsək, biz də yaradıcı olarıq. Necə ki, biz də Allahdanıq, yəni Onun yaratdıqlarıyıq. Nəsimi deyirdi: “Həqq mənəm”. O, bunu ən kiçik detallarına kimi anlaya və düşünə bilirdi. Lakin zaman, mühit və məkan imkan vermədi ki, o, nə demək istədiyini açıq bəyan etsin.
Düşünün, yer üzündəki bütün insanlar təmənnasız yaxşılıqlarla rəngarəng dünyada şad və xürrəmdirlər. Eynilə cənnətdəki kimi. Dini kitablarda da yazılır ki, cənnətə yalnız saf və günahsız insanlar gedəcək. Deməli, cənnəti insan yaradır. Şair necə deyirdi: “Hərəmiz ölüb kölgəmizlə cənnətin şəklini çəkəcək”.
Tarix boyu müxtəlif mədəniyyətlərdə insanın daxili gücü ilə bağlı mistik anlayışlar formalaşıb. Tibet mistisizmində “tulpa” kimi anlayışlar insan düşüncəsinin maddi təsir gücü ilə əlaqələndirilir. Lakin bu cür iddialar elmi baxımdan təsdiqlənməyib və daha çox inanclar sistemi daxilində qiymətləndirilir.
Bəzi yanaşmalarda daş-qaşların, ətirlərin və digər bir çox aksesuarların da xüsusi enerji daşıdığı qeyd olunur. Bu inancın Şərq ölkələrində daha qabarıq şəkildə özünü büruzə verir. Elmi cəhətdən isə bu cür təsirlər əsasən psixoloji və ya fiziki xüsusiyyətlərlə izah edilir. Məsələn, qızılın yaxşı elektrik keçiricisi olması onun texniki sahədə geniş istifadəsinə səbəb olsa da, insan şüuruna birbaşa təsiri sübuta yetirilməyib. Lakin zaman keçdikcə dəyəri artdığından qızılı elektrik istifadəsində mis əvəzləyib.
Enerji insan beynindən çıxan dalğadır. Beyin isə suyun içindədir. Su isə, bilirik ki, ən sürətli ötürücüdür. Necə ki, deyirlər: “Əli sulu halda elektrikə toxunma”. Yaxud naqil suya düşəndə, su elektriklə yüklənmiş olur. Deməli, elektrik sudan yaranmır, lakin su onu ötürür.
İnsan bədəninin ortalama 50–80 faizi sudan ibarətdir. Lakin bu nisbət yaşa, cinsiyyətə və bədən quruluşuna görə dəyişir. Orta hesabla yetkinlərdə 60 faiz, körpələrdə 80 faiz, yaşlılarda isə bu nisbət azalır. Su beynin 75–85 faizini, qanın 92 faizini, əzələlərin isə 79 faizini, sümüklərin isə 35 faizini təşkil edir. Deməli, su həm saf enerjinin mənbəyi, həm də həyat üçün vacib elementdir.
Qan təzyiqi düşən zaman başımız fırlanır, qulağımıza uğultu gəlir, gözlərimiz qaralır. Elə düşünürük ki, uçuruq. Amma huşumuzu itirmirik. Yıxılmamaq üçün yavaşca nədənsə yapışıb otururuq, bu hal keçsin deyə. Sizcə, bu, beyin proqramının bir anlıq “error” verməsi ola bilər? İndi sual edirik: əgər bu hal çox çəksə, bizi nə gözləyir?
Ölüm zamanı həyat fəaliyyətinin dayanması bəzən enerji mənbəyinin kəsilməsi ilə müqayisə olunur. Bu bənzətmə obrazlı olsa da, elmi baxımdan həyatın sona çatması bioloji proseslərin dayanması ilə izah edilir. Bəlkə də elə ruh ən böyük enerjidir ki, bədəndən çıxdıqdan sonra bütün əlaqə kəsilir və faktiki ölüm gerçəkləşir.
Müasir elm göstərir ki, insan düşüncəsi birbaşa fiziki obyektləri yaratmaq gücündə deyil. Lakin dolayı təsir danılmazdır. İnsan düşünür, qərar verir və hərəkət edir. Nəticədə gerçəklik dəyişir. Yəni düşüncə birbaşa yox, davranış vasitəsilə dünyanı formalaşdırır.
Demək olar ki, enerji həm reallıqdır, həm də metaforadır. Onu necə başa düşdüyümüz isə bizim dünyanı necə gördüyümüzü müəyyən edir. İnsan nə qədər öz daxili dünyasını dərk edərsə, xarici dünyaya təsiri də bir o qədər şüurlu olar. Bəlkə də əsas sual budur: insan enerjini idarə edir, yoxsa enerji insanı?
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru
Nərmin Quliyeva
psixoloq
