Aprelin 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadın və kişi bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova AQEM Qadınlar Şurasının toplantısında müzakirə olunan məsələlərin əhəmiyyətindən, onların həlli istiqamətində ikitərəfli və təşkilat çərçivəsində, eyni zamanda, türk dövlətləri arasında əməkdaşlığın önəmindən danışıb. Tədbirin gender bərabərliyinin təmin edilməsi, qadınların ictimai-siyasi həyatda fəal iştirakı, habelə sahibkar qadınların dəstəklənməsi və hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Komitə sədri hər iki ölkədə müxtəlif sahələrdə çalışan qadınlar arasında daha sıx təmaslarının qurulması, öz təcrübələrini bölüşməsi üçün geniş imkanların olduğunu bildirib.
Hicran Hüseynova Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daim möhkəmləndiyini söyləyib. Dövlətlərimizin və xalqlarımızın həmişə bir-birinin yanında olduğunu deyib. Dövlətlərimiz arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolundan danışıb. Qanunvericilik orqanlarında fəaliyyət göstərən ayrı-ayrı komitələr arasında əməkdaşlığın inkişafının önəmini qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğan rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə söhbət açıb. O, Azərbaycanın sədrliyi ilə keçirilən AQEM Qadınlar Şurasının tədbirini yüksək qiymətləndirib, faydalı müzakirələrin aparıldığını vurğulayıb. Ölkələrimizin bu kimi beynəlxalq tədbirlərə evsahibliyinin özümüzü daha geniş tanıtmaq, əlaqələrimizi genişləndirmək, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından önəmli olduğunu söyləyib.
Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyası arasında əməkdaşlıq Protokolunun imzalandığını xatırladan Çiğdem Erdoğan bu əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının, o cümlədən qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsinin vacibliyini ifadə edib.
Söhbət zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvü Müşfiq Məmmədli, Türkiyə nümayəndə heyətinin üzvü Songül Uzun çıxış edərək Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini, parlamentlər arasında əməkdaşlığın genişləndirildiyini söyləyiblər. Qadınlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, onların inkişafı və iqtisadi fəallığının artırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.
