Bahar ruhumuza şirinlik, ağzımıza dad gətirir

A- A A+

Qışın yorğun və yorucu günlərindən uzaqlaşıb qaranquşların şən səsinə yuxudan oyanmaq, həyətlərdə, çay kənarlarında olan boynu bükük bənövşələri iyləmək, yamaclarda açılan novruzgülünün ətrini sinəmizə çəkmək adama xüsusi zövq verir.

Yaz öz barı-varı ilə yurdumuza qədəm qoyduğundan hər yerdə bir canlanma var. Artıq yazın nubar yeməkləri yığılıb istifadə olunur. İndi süfrələrimizi təbii yaz yeməklərsiz təsəvvür etmək olmur. Yarpız, qazayağı, bulaq otu, cacıq yığılır. Quşəppəyi, cincilim, qırxbuğum, əvəlik və s. otlardan kətə bişirilir.

Günəşin ilıq şüaları yeri isidən kimi çay kənarlarında, dərə ağızlarında, həyətlərdəki arx qıraqlarında yarpız çıxır. Yazın ilk nubar məhsulu yarpız hesab olunur. Təzə yığılan yarpızla pendir dürməyinin dadı tam başqa olur. Çox vaxt günorta yeməyi zaman soyutma yumurta ilə yarpız yeyilir. Yarpızdan kükü də bişirilir. Təmizlənmiş yarpız yuyulub, ovxalanır. Yumurta açılana qədər çalınır. Düz, istiot vurulur. Yağda qızardılır. Kükü tez və asan bişirilən və dadlı yaz yeməyidir. Qovurma yağında qızaranda daha ləzzətli olur.

Yazda bulaq axarından qız-gəlin bulaqotu yığırlar. Təmizlənən pencər ən çox pendir dürməyi ilə yeyilir. Bulaqotunun müalicəvi əhəmiyyəti var. O həm də şəkər xəstəliyinin dərmanı hesab olunur.

Yaz yeməkləri sırasına xıncılovuz da daxildir. Qumsal təpəliklərdən yığılan xıncılovuzun yarpaqları enli, gövdəsi yoğun olur. Azca qaynadılan xıncıl-ovuzun suyu süzülür. Yağda soğan qovrulur. İçərisinə yumurta vurulur. Süzülmüş xıncılovuz oraya tökülür. Duz, istiot vurulur. Tez hazırlanan  yeməkdir.

Qazayağı ən çox əkin sahələrində olur. Bıçaqla yığılır. Yuyulub təmizlənəndən sonra qaynadılıb suyu süzülür. Əllə ovxalanıb qızardılmış soğanın içərisinə əlavə olunur. Duz, istiot vurulur. İçərisinə çox vaxt azacıq sarıkök də əlavə edilir. Qazayağı az olanda içərisinə qaynadılmış düyü vurulur. Bəzən qazayağı yeməyinə azacıq süd də qatılır. Bu da tez hazırlanan yeməkdir.

Dağlardan yığılan cacıq da yazın nübaryeməklərindən hesab olunur. Cacığın üst qabığı təmizlənib yuyulur. Qaynadılandan sonra suyu süzülür, əllə ovxalanıb sıxılır. Qovrulmuş soğanın içərisinə əlavə olunur, sarıkök, yumurta, duz, istiot vurulur.

Mətbəximiz o qədər zəngindir ki, yaz aylarında hazırlanan çeşid-çeşid yeməklər həm ruhumuzu təravətləndirir, həm də bizlərə sağlam həyat bəxş edir.

 

Tərlan Məhəmmədqızı

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: