Ordubad bağlarına cır meyvə yaraşmır...

A- A A+

...Onunla ilk görüşümüz Ordubad şəhərində, dahi maarifçi Məhəmməd Tağı Sidqinin adını daşıyan küçədə yerləşən evində olub. Onu da qeyd edək ki, Əbdül kişi Məhəmməd Tağı Sidqinin nəslinin nümayəndələrindəndir. İlk baxışda biraz qaraqabaq görünən bu insanla çay süfrəsi arxasında kiçik bir söhbət zamanı anladıq ki, bizimlə qabaq-qənşər oturub həlim, ürəyəyatan səslə danışan, yaşının o qədər də çox olmamağına baxmayaraq, saçı-saqqalı bulud topası kimi ağ olan bu insan necə böyük ürək sahibi, hər kəsə yaxşılıq arzulayan, torpağını, elini-obasını dərin məhəbbətlə sevən, onun qədrini-qiymətini hər şeydən uca tutan biridir. İki il bundan qabaq Azərbaycan ordusunun zabiti olan oğlu Turalın Qarabağda şəhid olmasıdan danışan Əbdül Haşımov övladının qəhrəmanlığından qürur hissi keçirdiyini bildirdi. Dövlətimizin nəvəsi Turala Ordubad şəhərində 2 otaqlı mənzil verməsini isə şəhid ailələrinə göstərilən hədsiz diqqət və qayğı kimi dəyərləndirdi. Bu zəhmətkeş təsərrüfat adamı onu ba bildirdi ki, Tural şəhid olandan sonra torpağa daha çox bağlanıb. Beləliklə o, dərd-sərini zəhməti ilə azaltmaqa çalışır.

Qədim peşəni yaşadan bu insanla ikinci görüşümüz Ordubad şəhərindən biraz kənarda yerləşən bağda odu. “Bağa bağ deməyiblər, bax deyiblər”. Bağban Əbdülün yetişdirdiyi ağaclara nəzər yetirəndə, cürbəcür meyvə tinglərinin arasında gəzişəndə düşünürsən ki, o bağı göz bəbəyi kimi qoruyub, bağa, sözün həqiqi mənasında baxıb. Necə deyərlər, hər bir ağacın başına dörd dolanıb. Bağda abutalıbı, balyarım, təbərzə, hafiz əriyinin ağacları diqqətimizi cəlb etdi. Hələ yaz yenicə girib. Meyvə toplama mövsümünə bir neçə ay var. Əbdül Haşımov qonaq-qara yanına üzüqara çıxanlardan deyil. Dediyinə görə meyvəsini topladığı ağaclarda qonaq-qara üçün hər il bir qədər meyvə saxlayır. Çiçəkləyən ağacı göstərib deyir: “Bax bu, göy ərikdir. Meyvəsi yam-yaşıl olmağına baxmayaraq, şipşirindir. Bu ağacın meyvəsinə isə “Əsgərabad” deyirlər. Bunun ağacda qurumuşunu dədə-babalarımız qənd əvəzi istifadə ediblər. Bax bu da balyarım əriyinin ağacıdır. Çətin tapılan ərikdir. Allaha şükür ki, bunların hamısından artırıb təzə bağ salanlara vermişəm. Özü də dönə-dönə demişəm ki, bunların yaxşı qayğısına qalsınlar, suyunu gübrəsini vaxtında versinlər. Çünki biri gəlib deyəndə ki, verdiyin tinglər quruyub, çox narahatlıq keçirirəm. Əməyimin, zəhmətimin boşa getdiyini düşünürəm.

Bu cəviz ağacı İsrail sortudur. O qədər böyük çətiri olmur və kiçik ərazilər üçün əlverişlidir. Normalda cəviz ağacı 5-7 il aralığında bar verir. Bu ağacın isə barı 2 ildən sonra olur.

Əbdül Haşımov Ordubad rayonunda nəsli tükənməkdə olan meyvə sortlarını calaq yolu ilə artırmaqla da çox böyük xeyirxah iş görür. Saldığı toxməcərlikdə yüzlərlə belə tingə rast gələrsən. O, bununla həm ailə büdcəsini yaxşılaşdırır, həm də fərdi təsərrüfatlarda həmin meyvə ağaclarının çoxaldılmasına səbəb olur. Əbdül Haşımovun bağçılıq sahəsindən qazanılan uğurlarından söz düşmüşkən onu da qeyd etmək istərdik ki, onu nəinki muxtar respublikada, hətta Azərbaycanın əksər bölgələrində tanıyırlar. Biləsuvar, Salyan, Cəlilabad və Azərbaycanın digər rayonlarına yolu tez-tez düşür və orada tingçilik təsərrüfatlarının yaradılmasına, yaxşı gəlir gətirən meyvə sortlarını calaq vasitəsilə artırılmasına yaxından köməklik göstərir. Oz mütərəqqi üsulları ilə yerli bağbanların “calağı arpa biçimində vururlar” deyimini də mifə çevirib. “Mənim üçün calaqvurmada fəsillərin fərqi yoxdur”, -deyən ordubadlı bağban orada olduğumuz müddətdə meşə gilası üzərində 10-a yaxın calaq üsulu ilə bizi tanış etdi.

Onu da qeyd edək ki, bacarıqlı ailə təsərrüfatçısı olan Əbdül Haşımov orta təhsilli olsa da, istər sovet dövründə, istərsə də müstəqillik illərində ölkəmizdə əldə edilən seleksiya nailliyyətləri, yeni və məhsuldar meyvə sortları, onların rayonlaşdırılması haqqında ensiklopedik məlumata malik bir təsərrüfat başçısıdır. Söhbət əsnasında “Bu da nazlı ağacıdır!” deyib əlini yan tərəfə uzadır.   Sözün düzü, buraya qədər bağçılıq haqqında bir az anlayışım olduğunu nümayiş etdirə bilmişəm. Ancaq söhbətin bu yerində naşılığımı büruzə verirəm. Kiminsə gəldiyini düşünüb yola baxıram. Gəlib-gedən yoxdur. Hava sərin olduğundan quşların şən civiltiləri belə eşidilmir.

Həmsöhbətim nəzərlərimlə kimisə axtardığımı görüb gülümsəyir. Əlini səmimiyyətlə çiynimə vurub yanımdakı şaftalı ağacını göstərir:

-“Nazlı” şaftalı sortudur. Bunlar rənginə görə 3 yerə ayrılır. Bundan başqa, fədayi, avqustu, salami, dənəsişirin hülü, nektarin və digər növləri də artırmaqla məşğulam. Nektarinlərdən, əsasən, alana düzəldilməsində istifadə edirəm. Əksəriyyəti yerli meyvə sortlarıdır. Ancaq elberta, amsden kimi xarici sortları da artırıb bağ salan sahibkarlara verirəm.

Ordubad bağlarının indiki vəziyyətinə gəldikdə isə təcrübəli bağban bildirdi ki, cır ərik, gilənar və ümumiyyətlə, cır meyvə ağacları Ordubada yaraşmır. Ordubad meyvələri həmişə öz adına layiq olmalıdır.

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: