Batabat meşəsinin qiymətli ağacı - Palıd - FOTOLAR
Nə zaman ki, bahar gəlir, təbiət canlanır, ağaclar yaşıllaşır, çiçəkləyir, meşə örtüyünün altından bitkilər baş qaldırır, onda meşə canlanmağa başlayır. Sanki bir palıd ağacı hər şeydən xəbərsiz öz əzəməti və vüqarıyla nəyisə gözləyir, öz qış paltarını hələ də soyunmur.
Baharın son günləri meşə bitkilərinin ən aktiv dövrü olsa da, palıd ağacının həyatında bu günlər sanki həyatın başlanğıc vaxtıdır.
Maraqlıdır, meşələrimizin bu vüqarlı ağacı nə üçün “oyanmaqda” bu qədər gecikir? Nəyi gözləyir? Sanki təbiətin qəribə şıltaqlıqları olduğunu duyur. Dəfələrlə baharın ortalarında havaların soyumasını, hətta qar yağması nəticəsində qısamüddətli şaxtaların olmasını müşahidə etmişik. Ehtiyatlı bahar strategiyası ilə istiliksevən palıd öz həyatını bu bədbəxt hadisədən “sığortalamadığı” üçün belə şaxtaların onu tamamilə məhv edəcəyini sanki dərk edir və gözləyir. Nəhayət, onun bahara tabe olan inkişaf vaxtı yetişir. Şişərək çatlayan tumurcuqlardan ilk yarpaq görünür və sürətlə inkişafa başlayır. Tumurcuqların üzəri nisbətən sərt pulcuqlarla örtülüdür. İncə yarpaq toxuması onların arasında gizlənir. Tumurcuq pulcuqları boz və ya qırmızımtıl rəngdədir ki, bu da onun tərkibində zəngin antosian olduğunu göstərir. Hüceyrə şirəsindəki bu qırmızı piqment yarpaqları rəngləyir və günəş şüalarının infraqırmızı dalğalarını udaraq yarpaqları qızdırır ki, bu da onları yazın ilk şaxtalarından qoruyur.
Palıd elə yarpaqladığı vaxt da çiçəkləyir. Çiçəklər çox kiçik, yaşıl rəngdə olur. Çox sayda erkək çiçəklər qısa sırğa çiçək qrupunda toplanır. Dişi çiçəklər qırmızı dişicik ağızcığı olan kiçik ölçüdə olub çox zəif nəzərə çarpır. Zərif çiçəklərin tozcuqları küləklə mayalandığı üçün çiçəklər iysiz və əlvan rəngdən məhrum olurlar.
Dişi çiçəklərdən yaşıl qozalar əmələ gəlir ki, onlar da tədricən yetişdikcə rənglərini dəyişərək tündləşir. Toxum qozanın içərisində yerləşir. Bu da toxumu qışın şaxtasından qoruyur. Toxum öz cücərmə qabiliyyətini ancaq yaza qədər saxlaya bilir. Buna görə də palıdı çoxaltmaq üçün ancaq təzə toxumları əkmək lazımdır.
Palıd qozaları çox qidalıdır. Onun tərkibində zəngin nişasta, şəkər, yağ var. Ona görə də quşlar və heyvanlar onları iştahla yeyirlər.
Payızın sonlarına doğru yetişmiş qozalar ağacdan tökülməyə başlayır. Torpağa düşmüş palıd qozalarının üzəri xəzan vaxtı palıd yarpaqları ilə örtülür. Yaza qədər bu yarpaqlar qozaları şaxtadan qoruyur və nəm saxlayır. İstilər düşdükcə nəm qozalar cücərir.
İşıqsevən palıd payızda yarpaqla bərabər üzərindəki kiçik yaşıl zoğları da tökür. Bu, qanunauyğun bir haldır. Sanki palıd öz çətirini şəffaflaşdırır. Meşədə günəşə doğru can atan palıd inkişaf etdikcə, əzəmətli gövdə yan budaqlardan belə məhrum olaraq ancaq üç hissədə özünə sanki günəşi görə biləcək qədər kiçik bir çətir saxlayır.
Açıq yerlərdə isə palıd ağacının qol-budağı yaxşı inkişaf edir və çətir torpağa qədər əyilərək gövdəni gizlədir.
Hündürlük artdıqca ağacların boyları kiçilir. Subalp çəmənliklərindəonun yerə yayılmış formalarına rast gəlinir.
Beş metrdən artıq dərinliyə çatan güclü kök sisteminin olması sayəsində quraqlığa çox dözümlü ağacdır. Hətta şoran torpaqlarda da inkişaf edə bilir. Bu səbəbdən səhralaşmanın qarşısını almaq üçün yeni meşə zolaqlarının salınmasında palıd tinglərindən istifadə etmək müsbət nəticə verə bilər.
Palıd qabığı aşı maddələri ilə zəngindir və şiddətli büzücü dada malikdir. Cavan palıd ağaclarının qabığından dərinin aşılanmasında və rənglənməsində, qabığından boyaqçılıqda müxtəlif rənglərin alınmasında istifadə edilir.
Xalq təbabətində qabığından boğaz xəstəliyi zamanı qarqara üçün, yanıqlarda, donvurmada, diş ağrısında, məlhəm şəklində irinli yaraların sağalmasında və digər dərman qarışıqlarında istifadə olunur.
Palıd qabığından alınmış ekstraktdan qanaxmalar zamanı, mədə-bağırsaq xəstəliklərində, qurğuşun, mis duzları və göbələklərlə zəhərlənmə zamanı, qara ciyər xəstəliklərində, sidik yolları və sidik kisəsinin soyuqlaması zamanı istifadə olunur.
Palıd ağacının oduncağı öz möhkəmliyinə, cilalanma qabiliyyətinə, hava, torpaq və suya qarşı davamlı olduğundan çox böyük təsərrüfat əhəmiyyətinə malikdir.
Bu keyfiyyətlərinə görə gəmiqayırmada, aviasiyada, mebel sənayesində də tikinti materialı kimi şöhrət qazanıb.
Bu qiymətli ağacları qorumaq, onu çoxaltmaq təbiətə olan bir qayğıdır və təbiət insanın bu qayğısını zaman-zaman həmişə qiymətləndirəcəkdir.
İntizam Əhmədov
Şahbuz Dövlət Təbiət Qoruğunun kiçik elmi işçisi
“Oğuz səsi” qəzeti