Əmrahın uğurlarının sayı günü-gündən artır

A- A A+

Yeniyetmə və gənclərimizin idmanın bütün sahələrində qazandığı uğurlar bu gün hər birimizi sevindirir. Belə gənclərimizdən biri də Əmrah Nağıyevdir. Əmrahın ailəsi Azərbaycanın incisi adlanan Ordubadda yaşayır. Əmrah Nağıyev 1999-cu ildə anadan olub.

Uşaqlıqdan idmana marağı olan Əmrah valideynlərindən onu idman məktəbinə yazdırmağı xahiş edir. Amma 9 yaşında keçirdiyi bir qəzaya görə valideynləri onu bu fikrindən daşındırmağa çalışıblar. Lakin heç bir maneə Əmrahın idmana olan həvəsinin qarşısını ala bilmir. Əmrah Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbində oxuyanda rayon Uşaq-Gənclər İdman Məktəbində məşqlərə başlayıb. İlk başladığı idman növü basketbol olur. Qısa müddət ərzində basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublika birinciliklərində dəfələrlə birinci və ikinci yerlərə layiq görülür. Fiziki cəhətdən çevik olan Əmrahı idmanın yüngül atletika növü ilə daha çox maraqlanır.

Zəhmət çək və uğur qazan. Elə bu prinsiplə böyüyən Əmrah da böyük zəhməti hesabına yüngül atletika üzrə gənclər arasında Azərbaycan çempionu olub. Qısa müddət ərzində 44 yarışda iştirak edən Əmrah onların əksəriyyətində birincilik qazanıb. Onunla söhbətimiz zamanı nə qədər qətiyyətli, iradəli və çox zəhmətkeş bir gənc olduğunun şahidi olduq. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının təşkil etdiyi ali və orta ixtisas təhsil müəssisələrinin oğlan və qız atletləri arasında yüngül atletika üzrə Naxçıvan Muxtar Respublika turnirində birinci yeri tutub. Muxtar respublikamızda keçirilən bütün yarışlarda hər zaman birincilik qazanıb. Yüngül atletika üzrə 12 dəfə Azərbaycan birincisi olaraq Avropa çempionatında iştirak etməyə vəsiqə qazanır. 13 qızıl medal qazanmış Əmrah Nağıyevin məqsədi Naxçıvanımızın, Azərbaycanımızın adını dünyada tanıtmaq, bütün yarışlarda Azərbaycan himnini səsləndirmək, üçrəngli bayrağımızı yüksəltməkdir.

Əmrah deyir ki, iki ildən çoxdu yüngül atletika növü ilə məşğul oluram. İlk uğurum Ordubad rayonunda məktəblilər arası keçirilən yarış olub. 1500 metr məsafədə birinci yerə çıxmışam. Ordubad şəhərindəkiƏylis düzündən “Qeysəriyyə” binasınadək 5000 metr məsafədə qaçışda birinci olmuşam. Şərur magistralından Duzdağa kimi 5 kilometrlik məsafədə də finişə hamıdan əvvəl çatmışam. Bu yarışda rəqiblərimə ən azı 14 dəqiqə fərqlə qalib gəldim. Sonra Babək, Sədərək, Şahbuz rayonlarında keçirilən yarışlarda da birinci yeri tutdum. Şərur rayonu stadionunda 4 kilometrlik məsafəyə keçirilən yarışda qızlı-oğlanlı 154 idmançı içində finiş xəttinə birinci gəlib çıxdım. Sonra Bakıda keçirilən Azərbaycan çempionatına vəsiqə aldım. Bu çempionata vəsiqə alandan sonra ilk yarışım Tofiq Bəhrəmov adına respublika stadionunda oldu. İdman Akademiyasında keçirilən 1500və 3000 metr məsafələrə qaçışda rekordumu təzələyərək fəxri kürsünün ən yüksək pilləsini tutdum. Sonra Qusar, Xaçmaz və Nabranda da birinci yeri qazandım. Həmin yarışlarda 6000 metr məsafədə finişə hamıdan birinci çatdım. Naxçıvanda gənclərin, Avropa yarışında isə 14 ölkənin gənc atletləri içində 8000 metr məsafəyə qaçışda da birinci oldum. Ondan sonra Bakıda Bayraq meydanından Olimpiya stadionuna qədər 21 kilometr məsafəyə qaçışda finişə hamıdan birinci gəldim.

Əmrahın məşqçısi olan Ələfsər Əliyev Abbas Bağırovdeyirlər  ki, Əmrahda özünə inamı çoxdu. Qətiyyətlidir və zəhmətkeşdir. İdman məşğələləri zamanı verilən tapşırıqları canla-başla yerinə yetirir.

Gənc idmançı Əmrah Nağıyev bu gün yüngül atletikada Naxçıvanımızın idmanını uğurla təmsil edir. Öz üzərində indala çalışır və hədəfi daha böyük yarışlara, çempionatlara  qatılmaqdır.

Nə bilmək olar , bəlkə də yazın illərdə Ordubadda böyüyən bu gənc idmançımız Naxçıvan idman məktəbinin yetirməsi olan 3 qat Dünya və Avropa çempionu Hacı Əliyev kimi Azərbaycan bayrağını ən mötəbər yarışlarda, Olimpiya yarışlarında yüksəyə qaldıracaq... 

 

Ulduz Əliyeva

“El həyatı” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: