Naxçıvanda rəqəmsal müdafiə gücləndirilir

A- A A+

Ötən günlərdə Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə təlim keçirildi. Muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti üçün kibertəhlükəsizlik mövzusunda təşkil edilən həmin təlimdə əvvəlcə sərgi və stendlərlə tanışlıq oldu. İştirakçılar kibertəhlükəsizlik sahəsində tətbiq olunan müasir texnologiyalar və innovativ həllərlə bağlı məlumat əldə etdilər.

Stendlərlə tanışlıq zamanı müvafiq sahə üzrə təhsil alan Naxçıvan Dövlət Universitetinin tələbələrinin bu sahədə əldə etdiyi uğurlar, həmçinin həmin uğurların elə tələbələr tərəfindən peşəkar təqdimatı diqqətimi cəlb etdi. Qürurverici bir mənzərəydi. Onu da deyim ki, təlimdə NDU-nun tələbələri olan rəqəmsal könüllülərin fəallığı da diqqəti cəlb edirdi. Hamısı da müasir texnologiyaların, kibertəhlükəsizliyin, sirlərini öyrənməyə həvəsli görünürdülər.

Yeri gəlmişkən, kibertəhlükəsizlik yalnız proqram təminatı ilə məhdudlaşmır, bura insan resursları (həm də təlim keçən ekspertlər), qanunvericilik, texnologiya və maarifləndirmə daxildir. Bunların hamısı birlikdə “ekosistem” adlanır. Aprelin 15-də Naxçıvanda yüksək səviyyədə təşkil edilən təlim ölkədə vahid kibertəhlükəsizlik modelinin qurulması istiqamətində görülən işlərin davamıdır və təhlükəsizlik ekosisteminin qurulduğunu göstərir. Bu, regional idarəetmə ilə mərkəzi qurumlar arasındakı sinerjinin rəqəmsal sahədə də gücləndiyinin növbəti nümunəsidir.

Təlimin məhz rəhbər heyət üçün nəzərdə tutulması da təsadüfi deyildi. Çünki kibertəhlükəsizlik artıq yalnız texniki deyil, həm də idarəetmə və məsuliyyət məsələsidir. Rəhbər şəxslərin maariflənməsi qurumların daxilində “təhlükəsizlik mədəniyyəti”nin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Əgər rəhbər şəxs fişinq və ya sosial mühəndislik risklərini anlamırsa, o zaman rəhbərlik etdiyi qurumun büdcə və texniki resurslarını bu sahəyə düzgün yönləndirə, iş prosesində qarşılaşılan texniki çətinliklərin həllində təşəbbüskarlıq göstərə bilməyəcək. Bu baxımdan, təlimdə real kiber-böhran ssenariləri üzərində işləmək rəhbərlərin qərar qəbul etmə sürətini və stres altında idarəetmə qabiliyyətinin artırılmasına xidmət edirdi. “Açıq mənbə kəşfiyyatı” (OSINT), süni intellekt və brauzer artefaktları kimi mövzuların əhatə olunması təlimin ən son qlobal trendlərə uyğun olduğunu göstərirdi.

Sonda onu da qeyd edim ki, təlimdə sosial mühəndislik və rəhbər şəxslərə yönəlmiş hədəfli hücumların müzakirə edilməsi, ən güclü “qoruyucu divar” (firewall) sistemlərinin belə insan xətası qarşısında aciz qala biləcəyi mesajını verir. Bu, dövlət sektorunda çalışanların “rəqəmsal gigiyena” qaydalarına əməl etməsinin nə qədər əhəmiyyətli olduğunu göstərir.

 

Rauf Əliyev - Kəngərli

Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: