Öyrətməyin əsas yolu sevgi yaratmaqdır

A- A A+

Eynşteyn deyirdi: “Hər bir şəxs dahidir. Ancaq, balığı ağaca çıxabilmə bacarığına görə mühakimə etsəniz, o bütün ömrünü özünü axmaq zənn edərək yaşayar.”

Orta və ali məktəblərdə şagird və tələbələrə münasibət fərdi yanaşma prinsipi əsasında olmalıdır. Bir insan digərinə bənzəmədiyinə görə, bir şagird üçün də ortaya qoyulan həll yolu digəri üçün aktual olmaya bilər. Müqəddəs kitabımız “Qurani Kərim”də belə deyilir: “Hər bir canlını daşıya biləcəyi qədər yükləyin.” (Bəqarə surəsi, 286-cı ayə)

İnsanlar bir çox əlamətləri - barmaq izləri, üz quruluşları, həyata baxışları, günahları, savabları ilə bir-birindən fərqlənir. Bu fərqləri düzgün qiymətləndirmədən, anlamadan, kəşf etmədən insana doğru yanaşmaq mümkün olmazdı.

Öyrətmək və öyrənmək prosesində isə birinci mərhələ sevgi yaratmaqdır. Müəllim öz işini və şagirdini sevməsə, ona öyrətməyə sevgi ilə  can atmasa, nə qədər akademik biliyə malik olursa-olsun, əlində çıraq gəzdirən kora bənzəyər. Ən faydalı və uzunömürlü biliklər istəyərək, əylənərək, sevərək əldə olunur. Məcburiyyətlə ancaq əzbərləmək olar, öyrənmək mümkün deyildir. Əzbərçiliklə əldə olunan biliklər isə bir müddət sonra unudulmağa məhkumdur. Əgər müəllim dərsinin təsirli və  yaddaqalan olmasını istəyirsə, standartları və şablonları aşmalı, tədris metodunu daim yeniləyib, ona orijinallıq və yaradıcılıq qatmalıdır. Şagirdlərdə elə maraq oyatmaq gərəkdir ki, onların öyrəndikləri müəllimin öyrətdikləri ilə məhdudlaşmasın və şagirdlər əlavə mənbələrə də müraciət etmə ehtiyacı duysunlar. Belə olduqda onlar müəllimlərini minnətdarlıqla xatırlayacaqlar. Dünyanın Fin təhsil sisteminə marağının kökündə təhsilə məhz bu cür yanaşma durmurmu?

Təhsildə uğur qazanmaq istəyiriksə, əvvəlcə şablonları dəyişməliyik. Öyrətmək üçün insanın arzularını, xəyallarını, bacarıqlarını düzgün anlamaq lazımdır. Ədəbiyyata marağı olan şagirdə riyaziyyatı sevdirə bilməzsiniz. Hər kəs öz sevdiyi sahədə uğur qazana bilər.  Tarix, taleyi məhz müəllimlərinin istiqaməti və sevgisi ilə dəyişilən dahilərin nümunələri ilə doludur. Tomas Edison, AqataKristi, Məmməd  Səid Ordubadi və başqaları bunun ən bariz nümunələridir. Məmməd Səid Ordubadi, müəllimləri Mirzə Baxış və Məhəmməd Tağı Sidqi sayəsində Azərbaycan ədəbiyyatı və maarifçiliyi tarixinə öz adını yazdıran dahi şəxsiyyətlərdəndir.

Müəllim qayğı göstərmədən və özünü sevdirmədən şagirdlərə nəyisə öyrədə bilməz. Sevgi şərt və qərəz tanımır. Yaxşı müəllim qavrama qabiliyyətinə, xarici görünüşünə, ailəsinin zənginlik səviyyəsinə və s. fərq qoymadan şagirdlərini sevməlidir. Qərəz müqəddəs müəllimlik sənətinin önündəki ən qorxunc maneələrdən biridir. Müəllim bütün şagirdlərininn daxili səsini eşitməyi bacarmalıdır. Lap elə “Avqust böcəyinin nəğməsi”ndə olduğu kimi. Bu hekayədə deyilir ki, Qızıldərili qəbilənin başçısı rəsmi tədbirdə iştirak üçün Nyu-Yorka gedir. Küçələrdəki insan seli, avtomobillərin gurultulu səs-küyü ona çox-çox uzaqdan, parkdan, ağacların birində oxuyan avqust böcəyinin səsini eşitməyə mane ola bilmir.

Bir müəllim üçün də vacib olan öyrətdiyinə və öyrədilənə dəyər verməsidir. Çünki hər şeyi buna görə duyur, eşidir, görür və hiss edir. Əgər müəllim öz öyrətdiyinə sevgi ilə yanaşmasa, o zaman “avqust böcəyinin səsini” də eşidə,  əkdiyi ağacın meyvəsini  də dərə bilməz.

Adi müəllim tərif edir, yaxşı müəllim izah edir, əla müəllim göstərir, dahi müəllim ilham verir. Gəlin, öyrədən müəllimlərdən ilham verən müəllimlərə çevrilək.

Ruhəngiz Əliyeva,

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: