İllərin sənət estafeti - Xalçaçılıq

A- A A+

Milli dəyərimiz olan xalça ilə tanışlıq uşaqlıqdan başlayır. Körpə ikən üzərində iməkləməyə, sonra yeriməyə başladığımız xalçalar...Nənələrimizin danışdığı nağıllarda bizi xəyal dünyasına aparan “uçan” xalçalar...Evlərimizi bəzəyən, rəngarəng naxışları, təsvirləri ilə gözlərimizi oxşayan xalçalar...Mağar toylarında baş köşədə asılıb, üzərinə pambıq hərflərlə mübarək kəlmələr yazılan xalçalar... Bir çoxları  üçün  isə xalça ilə tanışlıq həm də evlərdə qurulan hanadan, rəngbərəng iplərdən vurulan ilmələrin sehrindən başlayıb.

Xalq tətbiqi sənətinin bir qolu olan xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Bu sahədə hər zaman xalçaçılığın sirlərinə dərindən bələd olan, xalçanı sevən, onun fəlsəfəsini başa düşən insanlar çalışıb. Xalçaçılarımız toxuduqları  xalça nümunələrində yaşadıqları bölgənin tarixini, mədəni özünəməxsusluğunu ilmələrin “dili” ilə gələcək nəsillərə çatdırıblar. Ona görə də hər xalça onu yaradanın təfəkkürünün, zövqünün zənginliklərini ortaya qoyur.

Min illərdən üzü bəri bu sənəti ağbirçək nənələrimiz və analarımızınsehirli barmaqları ilə ərsəyə gətirdiyi  xalçalar əvəzsiz sənət əsərləri kimi bu də  gün muzeylərimizdə, evlərimizdə qorunub saxlanmaqdadır.

Son illər dövlətimizin bu sahəyə göstərdiyi qayğı nəticəsində  isə xalçaçılıqda yeni dövr başlayıb. Azərbaycan xalçalarının təbliği genişlənib. H.Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın davamlı olaraq gördüyü işlər sayəsində Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu addım xalçalarımızı indi " Qafqaz" adı ilə deyil, məhz, Azərbaycan adı ilə tanıdır.

Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də  Naxçıvandır. Ona görə də bu bölgənin xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib.

Ta qədimdən Naxçıvanda ağır çəkili, uzun,  parlaq xovlu, müxtəlif ölçülü, sadə və mürəkkəb  kompozisiyalı xalçalar toxunub. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi,  nəbati naxışlar üstünlük təşkil edib. Burada toxunan xalçalar tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək qiymətləndirilib.

Hər naxışı duyğular palitrası olan, keçmişimizdən xəbər verən  Naxçıvan xalçaları zəngin mədəniyyətimizin, xalq təfəkkürünün məhsuludur. Bu xalçaların yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi isə vacib məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan "Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" bu işlərin uğurla həyata keçirilməsinə öz töhfəsini verir.

Naxçıvan  Muxtariyyətinin 95 illiyində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin   Naxçıvan  filialının   fəaliyyətə başlaması  da bu işə böyük töhfə oldu.

Tarixən xalça toxunuşunda kollektiv əməyindən istifadə edilib.  “Azərxalça”nın  Naxçivan  filialındakı  xalça emalatxanasında da   kollektiv şəkildə  bir birindən gözəl, rəngarəng, zövq oxşayan xalçalar toxunur, nənələrimizdən qalan bu sənət yenidən dirçəlməyə başlayıb. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin  Naxçıvanda fəaliyyət göstərən filialında yan-yana onlarla hana qurulub. Hər hanada isə  bir ya iki xanım çalışır. İş prosesi ilə tanışlıqdan sonra görürsən ki,  xalça toxumaq elə də asan başa gəlmir. Bir xalçanı başa gətirmək üçün aylarla vaxt sərf olunur. Xalça toxumaq nə qədər çətin olsa da,  burada çalışan xalçaçılarımız işlərini çox sevirlər.

Xalçaçılar  diqqət və qayğı ilə əhatələniblər. Burada toxucular üçün müasir iş şəraiti yaradılıb,işə rahat gediş-gəlmək üçün  nəqliyyat vasitəsilə  təmin  olunublar.

Hazırda  80 nəfərin işlə təmin olunduğu  “Azərxalça”nın Naxçıvan Filialında ötən  aylar ərzində   10-a yaxın  xalça  kəsilib.

Filialın direktoru  Səriyyə Hüseynova deyir ki,  Naxçıvan xalçaçılığa   böyük əhəmiyyət verilən  bir diyardır. Burada xalçaları qədimdə “gəbə” deyə əzizləyiblər.  Hər evdə  xalçanın toxunuşu el bayramına, mühüm hadisəyə, xoş günə çevrilib.  Naxçıvan  xalçaları Bakı, Şirvan, Quba, Təbriz xalçalarından fərqlənir. Xalçaçılıq ənənələrini yaşatmaq üçün yaradılan şərait bütün xalçaçıları sevindirib. İstedadlı qadınlarımız  indi  müasir, işıqlı emalatxanada xalçalar toxuyur, bizə bu şəraiti yaradan dövlətimizə  minnətdarıq. 

Azərxalçanın Naxçıvan filialındakı emalatxananın gənc işçiləri  də  çoxdur. Onlar bu sənətin sirlərinə dərindən yiyənlənməyə çalışırlar. Gənc toxucuların əksəriyyəti Naxçıvan Regional Peşə Tədris mərkəzində  bu sənətin sirlərinə yiyələnir və burada mütəxəssis kimi çalışırlar.

Xalçalar da insan ömrü yaşayır. Hər bir insan kimi, xalçaya da sahib çıxmaq, onu əzizləmək, qorumaq lazımdır. Azərbaycan xalçası beynəlxalq miqyasda qəbul olunmuş milli və bəşəri dəyərdir. Bu gün dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyaların bəzəyinə çevrilən Azərbaycan xalçaları  mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdədir. Hazırda 14-cü əsrə aid Qazax xalçası Berlin İncəsənət Muzeyində, 18-ci əsrə aid  xalça nümunələrimiz isə  Nyu-Yorkdakı “Metropoliten” Muzeyində, Sankt-Peterburqun “Ermitaj”ında, Rusiya Etnoqrafiya Muzeyində, Londonun “Viktoriya və Albert” Muzeyində, Budapeştin İncəsənət Muzeyində saxlanılır.

Xalçalarımızda tariximiz, milli dəyərlərimiz yaşadılır. Milli-mənəvi  sərvətlərimizin  qorunmasına, el sənətlərinin yaşanmasına diqqət göstərən ölkə başçısı , cənab Prezident İlham Əliyevin son illərdə  qeyri -neft sektoru kimi gəlirli sahə  olan xalçaçılığın inkişafına göstərdiyi  diqqət ,xalçaçılığın inkişafı ilə bağlı görülən işlər bu qədim el sənətinə marağı artırmaqla  ta qədimdən  zərifliyi, incəliyi , rənglərinin ahəngliyi ilə  seçilən, ilmə-ilmə  ərsəyə gələn   Naxçıvan  xalçalarının da  dünya bazarlarına  çıxarılması imkanlarını artırır.  Əl işi, göz nuru olan, milli naxışlarımızla bəzədilən,  əcnəbi ölkə vətəndaşlarının evlərini  , muzeylərini bəzəyən Azərbaycan xalçaları mənəvi dəyərlərimizi  dünyada tanıdır. Bu mənada xalçaçılığın genişləndirilməsi, Azərbaycan xalçalarının dünya bazarına çıxarılması üçün Prezident İlham Əliyevin  Naxçıvan şəhərində xalça istehsalı emalatxanalarının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında 2018-ci il 15 fevral tarixli sərəncamı, hazırda Azərxalçanın Naxçıvan filialının fəaliyyət göstərməsi    də məhz  ölkəmizdə bu sahəyə göstərilən qayğının və verilən önəmin nəticəsidir.

Kollektiv əməyin bəhrəsi olan xalçaçılığın inkişafı üçün  xammalın hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. Odur ki,  hazırda “Azərxalça”nın Naxçıvan filialında Yun və Boyaq  bitkilərinin tədarükü məntəqəsi də tikilir.  Gələcəkdə burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan iplər əldə olunacaq,həmçinin boya prosesi də həyata keçiriləcək. Bütün bu işlər  Naxçıvan  xalçalarının dünyada tanıdılmasına da böyük töhfə olacaq.  Əlbətdə  bu sahədə kadr hazırlığı da daim diqqət mərkəzində saxlanılır. Odur ki , Naxçıvan Şəhər Peşə Liseyində, Naxçıvan Regional Peşə Tədris Mərkəzində, Ordubad  və Şərur rayonlarındakı Texniki Peşə və Sürücülük Məktəblərində xalçaçılıq kursları  mütəmadi olaraq təşkil edilir.   Bu kursları müvəffəqiyyətlə bitirən müdavimlər də  sertifikatla təmin olunaraq  toxucu  kimi fəaliyyət göstərə bilirlər.

Məişətimizin ayrılmaz hissəsi, milli mədəniyyətimizin nümunəsi olan, təbiətimizin rənglərini özündə birləşdirən xalçalarımızda  xalqımızın inancları, nağıllarımızın ruhu yaşayır. Bu xalçaların yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi  üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin  Naxçıvan filialında da   hazırda  milli sənətimizi,mədəni izlərimizi,naxışlarımızı gələcəyə  aparan xalçalar toxunur.

Kim bilir, bəlkə bu gün orada xalça toxuyan xanımlarımızdan kimlərsə yüz illər sonra XXI əsrin tanınmış xalçaçısı və ya dünyanın ən məşhur muzeydə saxlanan tarixi bir xalçanın müəllifi kimi xatırlanacaq.  

 

Türkanə Əmoyeva

Naxçıvan radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: