Heydər Əliyev nümunəsində dövlət atributlarına məhəbbət hissinin aşılanması

A- A A+

 

Təlim prosesi, konkret olaraq dərs özünün tərbiyəvi məzmununa, təşkilat strukturuna, həm də metodik cəhətinə görə şagirdlərdə ideya inamının formalaşdı­rılma­sında mühüm rol oynayır. Birinci sinif şagirdlərini məktəbə gəldikləri ilk gündən, ilk saatdan bu mövzuya dair biliklərlə  silahlandırmaq zəruri məsələlərdəndir. İlk tanışlıq anlarından – müəllimin uşaqları məktəblə tanış etdiyi anlardan ideya-siyasi tərbiyə istiqaməti başlıca vəzifə olmalıdır. Uşaqlar,  ölkəsi, xalqı, Ümummilli lideri, inkişafımızın dinamikası haqqında bilik və məlumatlar almalıdırlar. Müstəqilliyi­mizin atributlarından biri kimi ölkənin himni bu sırada mühüm yer tutur. Məlumdur ki, kiçikyaşlı məktəblilər hələ ailədə və bağçada Azərbaycan Respublikasının Dövlət Himnini öyrənir və oxuyurlar. Ötən əsrin 90-cı illərinin sonlarından Dövlət Himninin məktəblərdə dərs başlamazdan əvvəl bütün şagirdlər tərəfindən oxunması ənənəsi bu gün də böyük şərəf və fəxarət hissi ilə davam etdirilir.

Himnimiz, onun hər bir kəs tərəfindən öyrənilib oxunması bizim vətəndaş­lıq borcumuz, vəzifəmizdir. Ulu öndər Heydər Əliyev hələ vaxtı ilə bu məsələyə ümumcəmiyyət məsələsi kimi baxır, dəyərləndirirdi. Heydər Əliyevin  himnimiz haqqında fikirləri ideya-mənəvi dəyərlərimizlə bağlı baxışlarının tərkib hissəsi kimi qiymətlən­dirilməlidir. O, böyük vətənpərvərlik duyğusu, müdrik şəxsiyyət, dahi siyasətçi – dövlət adamı kimi himnimizə çox yüksək qiymət verərək söyləyirdi: “Azərbaycanın gözəl himni var. Sevindiricidir ki, bu himn hələ 1918-ci ildə yazılıbdır. Bunun müəl­lifi bizim böyük bəstəkarımız Üzeyir Haçıbəyovdur. Himnin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox məna­lı­dır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır – Azərbay­canın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni hər ölkənin özünə görə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görü­rəm ki, bizim himnin müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə himni dinlə­yərkən mən yenidən iftixar hissi duyuram. Ancaq himni dinləmək yox, onu oxumaq lazım­dır. Bizdə təəssüf ki, bu ənənə yaranmayıbdır. Mən hesab edirəm ki, bu, bizim həyatı­mız­da  çatışmazlıqdır. Himn çalı­nan vaxt insanlar bu himnin sözlərini oxumalıdırlar. Bunun əhəmiyyəti var. Bir var ki, onu dinləyəsən, bir də var ki, o mahnının, musiqi­nin sədaları altında o söz­lə­ri tələffüz edəsən, oxuyasan. Bunlar da insanlarda vətən­pər­vərlik hissinin daha da möhkəmlənməsinə kömək edir. Eyni zamanda, bu, ona görə vacibdir ki, himnimizə xüsusi hörmətin təzahürüdür. Ona görə də mən bütün məktəblərin – ali və orta məktəblərin qarşısında vəzifə qoyuram ki, qısa bir müddətdə bütün şagirdlər, tələbələr, müəllimlər Azərbaycan himnini oxusunlar” .

Göründüyü kimi, Ulu öndərin dövlət himnimizin yaranma tarixi, məna dərinliyi, gözəl musiqisi, onun dövlət atributlarından biri kimi öyrənilməsi və iftixar hissi ilə oxunması haqqında fikirləri insanda vətəndaşlıq qüruru doğurmaya bilməz. Biz, həqiqətən də, bu gözəl himnimizlə fəxr edə, öyünə bilərik. Ulu öndə­rin ölkənin hər bir vətəndaşının himnimizi oxuya bilməsi tələbinin yerinə yetirilməsi işində ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərinin üzərinə böyük məsuliyyət düşür. Bu istiqamətdə aparılan uğurlu başlanğıc ibtidai siniflərdə səmərəli təşkilati-metodik hazırlığın səviyyəsindən asılıdır.     

İbtidai sinif şagirdləri ətraf mühiti aydın və geniş şəkildə dərk etməyə qabildirlər. Onlar dövrün, həyatın hadisələri ilə çox maraqlanırlar. Həyatı dərk etməklə isə tərbiyə başlanmış olur. Ona görə də bu yaşda şagirdləri təlim zamanı ölkədə baş verən mühüm hadisələrlə tanış etmək, dərsə əsl həyatı və idealları daxil etmək lazım­dır ki, şagirdlər vətənimizin müstəqilliyini, möhtəşəm irəliləyişini dərk etsinlər. Vətən­pərvərlik, böyük ideyaları mənimsəyə bilmək və ona sadiq qalmaq kimi ali hisslərin  tərbiyə edilməsinin özülü, başlanğıcı buradadır.

Çox yaxşı haldır ki, orta məktəb dərsliklərinin hamısında ulu öndər Heydər Əliyevin şəkli əks olunub. Məhz bu təsvir müəllimlərə imkan verir ki, xalqımızın böyük oğlu haqqında şagird­lə­rə məlu­mat versin, onlara Heydər Əliyevin həyat və fəaliyyətinin xalqımız üçün çox də­yər­li, əhəmiyyətli olduğunu başa salsın. “Ümummilli lider Heydər Əliyev” por­tre­tinə şagirdlərin diq­qətini çəkən müəllim dahi şəxsiyyətin tərcümeyi-halı, xalqımız və vətənimiz üçün gördü­yü işlər barədə şagirdlərin yaş səviyyəsinə uyğun biliklər verməli, hələ bağçada və ailədə formalaşdırılmış təsəvvürlərinin genişlən­diril­məsinin  qayğısına qalmalıdır.

Heydər Əliyevin portreti üzrə tanışlıq prosesində onun nəzəri irsinin öyrədilmə­si də xüsusi diqqətdə saxlanmalıdır. Onun doğma vətənimiz və xalqımız haqqında qiymətli fikirlərindən yeri gəldikcə istifadə edilməlidir. Bu zaman ona nail olma­ğa çalışmaq lazımdır ki, portretdə ifadə olunan əsas ideya bütün təfərrüatı ilə şagirdlərin yaddaşında qalsın, qəlbində yer tapsın. Şəkildə Heydər Əliyev üçrəngli bayrağımız fonun­­da bütün əzəməti, böyüklüyü ilə canlandırılıb. Bu isə imkan verir ki, şəkil ətra­fında söh­bət­lər zamanı Azərbaycan Respublikasının dövlət atributları, onların bər­pası və yeni­dən yaradılması işində Ulu öndərin xidmətlərindən bəhs edilsin. Bildiyimiz kimi, bayraq, gerb, himn kimi atributlar milli dövlətçiliyin istiqlaliyyətini, varlığı­nı, xalqın ən ali amallarını, ideallarını yığcam, obrazlı ifadə edən mühüm amillərdir.

Ulu öndərin Azərbaycan bayrağı haq­­qında 1 sentyabr 1997-ci ildə Bakının Yasamal rayonundakı 18 nömrəli mək­təb­də keçi­rilən görüşdəki nitqində dediyi bu sözlər təkcə böyükyaşlı məktəbliləri, ümumiy­yətlə vətəndaşlarımızı təsirləndirən fikirlər deyil, kiçik məktəbyaşlı uşaq­ların da ruhuna təsir edən, onları qanadlandıran, onlarda qürur və iftixar hissi doğu­ran fikir­lərdir. Müqəddəs bayrağımız haqqında söhbət düşəndə Ulu öndərin bu sözlərini şagirdlərə çatdırmaq hər bir müəllimin mənəvi borcudur: “ …Məktəblərdə Azərbaycanın müs­təqil­liyinin at­ri­­­but­ları yaxşı təb­liğ olunmalıdır. Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azər­­baycanın bayrağına münasibət, onun müqəd­­dəsliyi hər bir cocuqda, yeniyetmədə daxildən olma­lıdır. Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyi­mi­zin, müs­tə­qilliyimizin rəmzi­dir. …Biz öz müstəqil dövlətimizdəyik, ölkəmizdə­yik. Hansı ölkəyə gediriksə-gedək, Azərbaycanın bayrağının o ölkədə asılması həm Azər­bay­canın orada təmsil olunduğunu göstərir, həm də bizim ölkəmizi tanıdır, eyni zaman­da, bizdə iftixar hissi oyadır.

Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayraqlarını gö­rən­də həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avto­mobilin üstündə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin  rəmzidir.  Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətlən­dirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağının mahiyyətini dərk etsin. Bu bayraq tək rəsmi yer­lərin yox, idarələrin, küçələrin, sarayların, məktəblərin yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Kiçikyaşlı məktəblilərin ideya inamı tərbiyəsinin mühüm amili kimi dövlət himnimizin oxunması, digər amillərlə üzvü surətdə bağlı olması şagirdlərin ideya-siyasi əqidəsinin formalaşdırılması prose­sində həmişə diqqətdə  saxlanılmalıdır.

                         

                                                            Lalə  Allahverdiyeva

                                                    pedaqogika üzrə fəlsəfə doktoru,

                                                Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: