Muxtar respublikamızda həyata keçirilən quruculuq işləri çərçivəsində istər böyüklərin, istərsə də uşaqların mənalı istirahəti üçün xüsusi obyektlər inşa olunur. 2014-cü ildə Naxçıvançay vadisində Əyləncə və İstirahət Mərkəzinin istifadəyə verilməsi də bu mənada hamının sevincinə səbəb olub. Əyləncə və İstirahət Mərkəzində, fəsildən asılı olmayaraq, uşaqlara nümunəvi xidmət göstərilir. Hazırda burada müxtəlif yaş qruplarından olan uşaqlar və onların valideynləri öz vaxtlarını səmərəli keçirirlər.
Ötən il dekabrın 26-da Naxçıvançay vadisində daha bir istirahət və əyləncə mərkəzi – “NəqşicahanHoldinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Görüş yeri” kafesi fəaliyyətə başlayıb. “Görüş yeri” kafesi zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Ümumi sahəsi 2457 kvadratmetr olan kompleks 3 fərqli istiqamət üzrə fəaliyyət göstərir. “Görüş yeri” kafesi də bu gün şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində xüsusi rola malikdir.
Naxçıvançay vadisində – Əyləncə və İstirahət Mərkəzinin, həmçinin “Görüş yeri” kafesinin yaxınlığında şəhər sakinlərinin və şəhərimizə gələn qonaqların mənalı istirahətini təmin etmək məqsədilə görülən işlər bu gün də davam etdirilir. Burada uzun müddətdir ki, abadlıq və təmir-tikinti işləri aparılır və yeni istirahət kompleksi yaradılır.
Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin kollektivinə həvalə edilən işlər hazırda sürətlə aparılır. Artıq Naxçıvançayın sağ sahilində sahilbərkitmə işləri tamamilə yekunlaşıb, çayın kənarına 4, bəzi yerlərdə isə 5 metr hündürlükdə istinad divarı çəkilib. Gələcəkdə bu ərazidə salınacaq yaşıllıqları suvarmaq məqsədilə çaydan drenaj üsulu ilə su əldə etmək üçün tədbirlər görülüb.
Hazırda burada istirahət kompleksinə daxil olan yeni kafe inşa edilir. Bir mərtəbədən ibarət olan kafedə tikinti işləri artıq yekunlaşıb. Binanın dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib, suvaq işləri tamamlanıb. Hazırda binanın daxilində alçı işləri aparılır, ətraf əraziyə bardürlər düzülür, gülkarlıqlar salınır, işıqlandırma sistemi qurulur.
Kafe istifadəyə verildikdən sonra burada yeni iş yerləri açılacaq, uşaqlara, həmçinin böyüklərə nümunəvi xidmət göstəriləcəkdir.
Naxçıvançay vadisində salınan yeni istirahət kompleksinə daxil olan tennis kortunun hazırlanması istiqamətində də işlər gedir. Meydançanın ətrafı betonlanır, ərazidə geniş abadlıq işləri aparılır, yollara kilid daş döşənir. Gələcəkdə burada yeni yaşıllıq zolaqları salınacaq, tennis həvəskarları və buraya istirahətə gələn insanların rahatlığı üçün oturacaqlar quraşdırılacaqdır.
Onu da qeyd edək ki, muxtar respublikamızda həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində əhalinin sayı hər ötən il daha da artır, demoqrafik vəziyyət getdikcə yaxşılaşır. Bu isə əhalinin əylənmək, boş vaxtlarını səmərəli keçirmək zərurətini ortaya qoyur. Muxtar respublikamızda bu istiqamətdə görülən işlər bu mənada təqdirəlayiqdir. Naxçıvançay vadisində yaradılan yeni istirahət və əyləncə kompleksi də məhz şəhər sakinlərinin, həmçinin şəhərimizə gələn qonaqların mənalı istirahətinə hesablanıb.
Qafar Qərib
“Nuh yurdu” qəzeti