Əhalisi zəhmətkeş yurd yerimiz: Dizə - FOTOLAR

A- A A+

Rayon mərkəzindən 16 kilometr Şimalda-Xoşgəri çayının sol sahilində  yerləşən Dizə əhalisi ta qədimdən üzümçülüklə, bağçılıqla, əkinçiliklə heyvandarlıqla, arıçılıqla  məşğul olan yurd yerlərimizdəndir.

Ümumi sahəsi 5235 hektar olan Dizənin əzrazisinin  235 hektarı əkinə yararlıdır. Kəndin ətrafında olan 20-yə yaxın kəhriz, məscid və pir (ziyarətgah), heyvandarlıq üçün qazılmış kahalar sübut edir ki, Dizənin tarixi çox qədimdir.

Üç tərəfdən dağlarla əhatə olunmuş Dizə kəndinə Darıdağı, Şəvgə, Aydaş, Ağdağ xüsusi gözəllik bəxş edir, abadlıq, yaşıllıq könül oxşayır. Bağ-bağatın yaxasına ilıq yaz nəfəsi dəydikcə ağaclar çiçəkləyir, tel-tel olub boy atan taxıl zəmilərində yazın darağı gəzdikcə insanların da arzu-diləyi boy atıb cücərir. Onlar üzünü torpağa tutur, təsərrüfatın müxtəlif sahələrində xoş niyyətlərini reallaşdırırlar.

Bu insanlar təsərrüfatın müxtəlif sahələrində çalışaraq Dizənin təbii gözəlliklərini öz zəhmətləri ilə daha da cilalayır və artırırlar.

Dizədə əkinçiliyə böyük üstünlük verilir. Kəndin

təsərrüfatçıları 135 hektar sahədə payızlıq taxıl əkiblər.  Bunun 112,39 hektarı buğda, 22,12 hektarı arpadır. Əkin sahələrinin 89 hektarı şırım üsulu ilə aparılıb.

Dizəlilər tarixən üzümçülüyə də üstünlük veriblər. Bu kəndin üzümü öz təamı, şirinliyi ilə həmişə şöhrət qazanıb. Ümummilli liderimiz Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində Culfa rayonunda üzümçülüyün inkişafına göstərdiyi böyük qayğı nəticəsində kənd əhalisinin maddi vəziyyəti xeyli yaxşılaşdı. Sonralar baş verən hadisələr kənd təsərrüfatının digər sahələri ilə yanaşı üzümçülüyə də ciddi zərbə vurdu. Son illər kənd sakinlərinin üzümçülüyün dirçəldilməsi istiqamətində gördüyü işlər artıq öz bəhrəsini verməyə başlayıb. Həyətyanı sahələrdə bu gəlirli sahənin inkişafına diqqət artırılıb.

Heyvandarlıq da kəndin iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Kənddə iribuynuzlu   heyvların sayı 200-dən, davarın sayı isə 5 mindən artıqdır.

Heyvandarlığın inkişafında yem ehtiyatının yaradılması əsas şərtlərdən biridir. Buna görə də kənddə çoxillik bitki-yonca əkini də diqqətdə saxlanılır.

Dizənin coğrafi mövqeyi arıçılığın inkişaf etdirilməsinə də imkan yaradır. Kənd sakinləri arı ailələrini yazın ilk aylarında kənddə, qalan aylarını isə Darıdağın ətəklərində saxlayırlar. Kənddə arı ailələrinin sayı 252-yə çatdırılıb.

Dizədə bağçılığı da ildən-ilə genişləndirirlər. Həyətyanı sahələrdə becərilən alma, ərik, armud, heyva, albalı və sair meyvə bağları kənd adamlarının meyvəyə olan tələbatını ödəməklə bərabər, həyətlərə xüsusi gözəllik verir.

Kənddə becərilən narbənd ağacları yol boyu sıralanan yaşıllıqlar sırasında öz dekorativ görkəmi ilə diqqəti cəlb edir.

Kənd sakinləri Xoşgəri çayının, "Qarakol", "Çeşmə", "Sarızəmi" kəhrizlərinin suyu ilə həm həyətyanı sahələrini, həm də pay torpaqlarındakı əkin sahələrini suvarırlar.

Kəndin yuxarı hissəsində yaradılmış Dizə gölü isə  isti yay günlərində kəndin əkin sahələrinin tələbatını ödəyir. Kəndə kaptaj üsulu ilə içməli su xətti çəkilib. Bundan əlavə, 5 subartezian quyusu da kənd sakinlərinin içməli suya olan tələbatını ödəməyə xidmət edir.

Kənddə kartof, pomidor badımcan, bibər və s. tərəvəz məhsullarının əkininə üstünlük verilir.

Təbiətin oyanış çağında kəndin hər addımında işgüzar ruh, möhkəm inam, nikbin ovqat hər kəsin qəlbinə hakim kəsilib. Bu kənddə də insanların öz təsərrüfatlarında çalışmaq, qurub-yaratmaq əzmi daha da yüksəlib. Dizənin təsərrüfat adamları "Ailə təsərrüfatları ili"ndə muxtar respublikamızın ümumi inkişafına öz töhfələrini verməyin vacib olduğunu, firavanlığın, xoşbəxtliyin halal zəhmətlə əldə edildiyini yaxşı bilirlər.

Ədalət Cəfəroğlu

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: